BANK

28 İyun

Laqard: İnflyasiya təhlükəsi artarsa, daha sürətli hərəkət edəcəyik

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bildirib ki, siyasətçilər rekord inflyasiya ilə mübarizə aparmağa hazırdırlar.

"Fins.az" xəbər verir ki, iyul ayında rüblük faiz artımı planını təkrarlayan Lagarde, inflyasiya təhlükəsi artarsa, daha sürətli hərəkət edəcəklərini ifadə etdi.
Məlumata görə, Portuqaliyada keçirilən bank forumunda danışan Laqard iyul iclasında 25 baz bəndlik faiz artımı planını təkrar edərək, lazım gələrsə, daha sürətli hərəkət etməyə hazır olduğunu bildirib. "Daha yüksək inflyasiyanın gözləntiləri təhdid etdiyini görsək, stimulu daha tez geri götürəcəyik" deyə qeyd edib Laqard.

Enerji və ərzaq şoklarının böyüklüyünün inflyasiyada qeyri-müəyyənlik yaratdığını, xidmət sektorunda inflyasiyanın geniş şəkildə artmağa başladığını ifadə edən Laqard, inflyasiya təzyiqlərinin arta biləcəyinə və inflyasiya şoklarının da böyüməyə mənfi təsir göstərdiyinə diqqət çəkdi. Buna baxmayaraq, o, müsbət artım gözlədiklərini vurğulayıb.

Avropa Mərkəzi Bankı Rusiyadan enerji idxalının azaldılmasının resessiyaya səbəb olacağı ilə bağlı narahatlıqlar fonunda rekord yüksək inflyasiyanın qarşısını almaq üçün son 10 ildə ilk dəfə faiz dərəcələrini artırmağa hazırlaşır.

Müəllif: Aynur Qəniyeva