Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 240 MVt gücündə Külək Elektrik Stansiyasının tikintisinə $105 milyon məbləğində kredit ayıracaq.
“Kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə yaradılmış “ACWA Power Azerbaijan Renewable Energy Limited Liability Company” çıxış edəcək. AYİB-in Direktorlar Şurasının iyulun 20-də keçiriləcək iclasında kreditin ayrılmasının təsdiq edilməsi planlaşdırılır”, - deyə bankdan bildirilib.
Layihənin ümumi dəyəri $300 milyon təşkil edir. 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il yanvarın 13-də keçirilib.
Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.