Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İttifaqı (Aİ) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycana birbaşa xarici sərmayələr cəlb etmək üçün birgə fəaliyyət göstərəcək.
“Azərbaycanın qeyri-neft sektoruna investorları cəlb etmək, həmin sektorun Avropa istehsalat və satış zəncirlərinə inteqrasiyasını artırmaq ölkənin iqtisadi potensialını daha dolğun üzə çıxartmağın mühüm vasitəsidir. AZPROMO tərəfindən hazırlanmış beşillik milli ixrac strategiyası 2026-cı ilədək ölkənin qeyri-neft ixracını ikiqat artırmağa ($5 milyarda qədər) yönəlib”, - deyə AYİB-in saytında dərc olunmuş məlumatda bildirilir.
AYİB və AZPROMO Avropa İttifaqının maliyyə dəstəyi ilə kənd təsərrüfatı və balıqçılıq kimi sahələrdə 5 prioritet layihə üçün təkliflər zərfi və sərmayə yönəltmə strategiyası hazırlayır. Sonrakı mərhələdə isə xüsusilə Avropa bazarlarında sərmayəçilər tapmaq üçün addımlar atılacaq.
“Bu təşəbbüs çərçivəsində sahəvi bazarların və sərmayədarların təhlili, 5 layihə üçün sərmayə cəlb etmək məqsədilə Avropanın əsas bazarlarında “road show” təşkil etmək nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.