BANK

08 Aprel

Azərbaycanda kart dələduzları saxlanılıb-21 nəfərin hesabından pul oğurlanıb

Özlərini bank əməkdaşları kimi təqdim edərək vətəndaşlarla əlaqə saxlayan və onların kart məlumatlarını ələ keçirən 6 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvlərinin məhkəməsi başlayır.

“Fins.az” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Aygün Qurbanova sədrlik edəcək.

Zərərçəkmiş qismində 21 nəfər tanınıb. Onların arasında uzun müddət erməni əsirliydə qalan, 6 ildən sonra azad edilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da var.

Qeyd edilən kibercinayətləri törədən mütəşəkkil dəstənin başçısı Cahad Hüseynov, onun qardaşı Nicat, qohumu Fərman Hüseynzadə, eləcə də Hüseynov Kənan, Xanna Əliyeva və Dilşad İsmayılova ötən ilin oktyabrında saxlanılıblar. Onların yaşadıqları paytaxt ərazisində yerləşən evlərə baxış zamanı çoxlu sayda elektron sübutlar, istifadələrində olan mobil telefon və digər məlumat daşıyıcıları vasitəsi ilə vətəndaşlara özlərini bank əməkdaşı kimi təqdim edərək göndərdikləri hazır mətn formaları, səs yazıları aşkar olunaraq götürülüb. Qruplaşma üzvləri Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunurlar.