BANK

29 Sentyabr

Mərkəzi Bankda rəqəmsal valyuta ilə bağlı işçi qrupu yaradılıb-AÇIQLAMA

Qabaqcıl trendlərin araşdırılması və bu sahədə mövcud təcrübələrin dərindən öyrənilməsi, habelə işlərin effektiv koordinasiyası məqsədi ilə Mərkəzi Bankda işçi qrupu yaradılıb

Bu barədə Azərbaycan Mərkəzi Bankından Fins.az-a məlumat verilib. 

Bildilir ki, Əksər mərkəzi banklar mərkəzi bankın rəqəmsal valyutasından (MBNV) istifadə imkanlarının araşdırılmasına və daha sonra pilot layihələrin reallaşdırılmasına başlayıb. Makroiqtisadi və maliyyə sabitliyi üzrə vacib tənzimləyici institut kimi Azərbaycan Mərkəzi Bankı da dünyada rəqəmsal valyutanın tətbiqi üzrə layihələrin icrasını, həyata keçirilən tədqiqatları, bu mövzuya həsr olunmuş müzakirələri diqqətlə izləyir. Hazırda rəqəmsal valyutanın tətbiqi imkanlarının və ilkin şərtlərinin öyrənilməsi istiqamətində Türkiyə, Rusiya və Qazaxıstan mərkəzi bankları ilə əməkdaşlıq çərçivəsi qurulub. Əməkdaşlıq çərçivəsində rəqəmsal valyutanın emissiyası üzrə zəruri olan ilkin şərtlərin yaradılması üzərində işlər aparılır.

Məlumatda rəqəmsal valyutanın emissiyası üzrə zəruri olan ilkin şərtlərin yaradılması üçün zərusi olan şərtlər barədə bildilir ki, bu şərtlərə aşağıdakılar daxildir:

i) rəqəmsal valyutanın tətbiqi üzrə konseptual yanaşma və hədəfin dəqiqləşdirilməsi;

ii) maraqlı tərəflərin prosesə cəlb olunması;

iii) qanunvericilik bazasının formalaşdırılması;

iv) yeni nəsil texnologiyadan istifadə potensialı;

v) bazarın hazırlıq səviyyəsi.

Mərkəzi Bankın məlumatında "Qeyd olunan şərtlərin yaradılması üzrə qabaqcıl trendlərin araşdırılması və bu sahədə mövcud təcrübələrin dərindən öyrənilməsi, habelə işlərin effektiv koordinasiyası məqsədi ilə Mərkəzi Bankda işçi qrupu yaradılıb."-deyə qeyd olunub. 

Müəllif:Aynur Qəniyeva