Büro cari il ərzində “Mənim Bürom” layihəsini şəxslərin istifadəsinə təqdim etməyi planlaşdırır.
Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov Fins.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan Kredit Bürosu davamlı olaraq öz fəaliyyəti ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və yeni xidmətlərin tətbiq olunması ilə əlaqədar işləri davam etdirir. Hazırda, xüsusilə Covid-19 pandemiyası ilə əlaqədar olaraq xidmətlərin məsafədən təqdim edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilənləri və məhsul çeşidinin artırılmasının məntiqi davamı olaraq Büro cari il ərzində “Mənim Bürom” layihəsini şəxslərin istifadəsinə təqdim etməyi planlaşdırır.
Elçin Həbibov yeni layihənin vətəndaşlar üçün hansı cəhətdən daha faydalı olacağına da aydınlıq gətirərək "Qeyd edilən layihə kredit tarixçəsi subyektlərinin Büronun təqdim etdiyi xidmətlərə əlçatanlığının yüksəldilməsinə xidmət edir. Belə ki, müvafiq layihə reallaşdıqdan sonra şəxslər öz elektron kabinetlərinə daxil olmaqla Büronun fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulmuş bütün xidmətlərini elektron şəkildə əldə edə biləcəklər."-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva