BANK

14 Sentyabr

Elçin Həbibov:Büroda 1,9 milyon aktiv borcalan mövcuddur

 Ölkəmizin maliyyə infrastrukturunun müasir tələblərə uyğunlaşması və məlumatların inkluzivliyinin təmini sahəsində mühüm rola malik olan Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibovun Fins.az-a müsahibəsini təqdim edirik 

Kredit Bürosu hazırda kredit götürmək istəyənlərin maliyyə öhdəliyinin risk təhlilini aparmaq üçün hansı alətlərdən yaxud sistemdən istifadə edir?

 Bildiyiniz kimi Qanunvericiliyin tələblərinə uyğun olaraq Büronun əsas fəaliyyət istiqaməti məlumat təchizatçıların məlumatları toplamaq, risk təhlilini aparmaq, kredit hesabatı formasında tərtib etmək və istifadəçilərin sorğusu əsasında onlara təqdim etməkdən ibarətdir. Başqa sözlə, büronun bir istiqaməti informasiya vasitəçiliyi, digər rolu isə onun risk təhlilindən ibarətdir.

Bu günə qədər büro 160-a yaxın təşkilatla məlumat mübadiləsi üzrə müqavilə imzalayıb və bu təşkilatların fəaliyyət istiqaməti kifayət qədər genişdir. Banklar, BOKT-larla yanaşı, kredit ittifaqları, lizinq, sığorta, faktorinq, nisyə mal alqı-satqı müəssisələrinə qədər kredit təqdim edən şirkətlər Büronun şəbəkəsində yer alır.

Kredit təşkilatları kredit hesabatlarını əldə etməklə öz potensial borcalanlarının son 10 il ərzində mövcud olan bütün kredit öhdəlikləri barədə geniş məlumat əldə etmiş olurlar. Bu hesabat vasitəsilə kredit təşkilatları potensial borcalanların ödəmə qabiliyyətini və borc öhdəlikləri üzrə icra intizamını qiymətləndirməklə mümkün risklərdən sığortalanmaq imkanı əldə edirlər.

Eyni zamanda, Büro bu məqsədlə özünün davranış əsaslı skorinq xidmətini yaratmışdır. Bu xidmət vasitəsilə kredit təşkilatları müvafiq kredit hesabatında borcalanın maliyyə öhdəliyi üzrə üç rəqəmdən ibarət fərdi reytinqini əldə edir və risklərini daha qısa zaman kəsiyində qiymətləndirmək imkanına malik olur. Real vaxt rejimində hazırlanan borcalanların skorları hal-hazırda 10-dan artıq təşkilat tərəfindən müvafiq risk qiymətləndirməsində istifadə edilir.

Kredit Bürosu əməkdaşlıq etdiyi kredit təşkilatlarına hansı məlumatları ötürür?

Kredit Bürosu borcalanın son 10 il üzrə kredit öhdəlikləri barədə hesabatı sorğu əsasında  bütün məlumat təchizatçılarına təqdim edir. Bu hesabatda borcalanın son 10 il ərzində olan bütün aktiv və tam ödənilmiş kredit öhdəlikləri, onların icra intizamı, eyni zamanda qalıq məbləğləri, girovları və zaminləri üzrə məlumatlar əks olunur. 

 Kredit Bürosu son 10 ilin kredit tarixçəsi ilə bağlı məlumatları verə bilir demək ki, vətəndaş 10 il öncə neqativ kredit tarixçəsinə malik idisə indi həmin şəxsin kredit tarixçəsi şəffafdır?

Kredit Büroları haqqında Azərbaycan Respublikasının qanununa (10.1-ci bənd) müvafiq olaraq Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət bitdikdən sonra isə müvafiq məlumatlar Büro çıxarışlarında əks olunmur.  Odur ki, problemli kreditin 10 il sonra şəxsin kredit hesabatından çıxması üçün ilk öncə kredit öhdəliyi tam olaraq icra edilməlidir.

Kredit Bürosunun sistemində hərhansı şəxsin kredit tarixçəsinə dəyişiklik edilməsi mükündürmü?

Hər hansı şəxsin kredit tarixçəsində dəyişiklik yalnız həmin məlumatı təqdim etmiş məlumat təchizatçısı tərəfindən Büroya rəsmi müraciət ünvanlandıqda mümkün olur. Belə ki, məlumat təchizatçısı düzəliş edilməsi barədə Büroya rəsmi müraciət edir və müvafiq təsdiqedici sənədləri təqdim edir. Bu sənədlərin düzgünlüyü Büro əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra müvafiq dəyişiklik olunması barədə qərar qəbul edilir və sistemə daxil edilir. Büronun sistemi elə qurulub ki, şəffaflığın təmin edilməsi məqsədilə müvafiq sənədlərin hər biri sistemə əlavə olunur, habelə, sistem əməliyyat, avtorizə, monitorinq  və audit funksiyaları ilə təmin olunub.

Büro vətəndaş məlumatlarını necə qoruyur yəni kiber təhlükəsizlik hansı səviyyədədir bunun üçün xüsusi mexanizm mövcuddur? Büronun məlumat bazasına kiber hücumlar qeydə alınıb?

 Kiber təhlükəsizlik ümumilikdə müasir dövrdə istənilən aktiv təşkilatın qarşısında duran ən böyük çağırışlardan biridir. Texnologiyanın inkişafı cəhətdən həddən artıq dinamik bir dövrdə yaşayırıq və bu inkişafın kifayət qədər müsbət xüsusiyyətləri ilə yanaşı kiber hücumların daim təhdid olması kimi mənfi xüsusiyyətləri də var. Bu səbəbdən İT təhlükəsizlik standartlarının yüksək tutulması çox vacibdir.

AKB-nin də kifayət qədər böyük İT infrastrukturu mövcuddur və proseslərin beynəlxalq standartlara uyğun qurulması və prosedurlaşması İT təhlükəsizlik baxımından çox vacibdir. Bu səbəbdən də AKB öz infrastrukturunu ölkədə bu günə mövcud olan ən yüksək standarta cavab verən məlumat mərkəzlərindən birində qurmuşdur.

Eyni zamanda qeyd etmək istərdim ki, AKB-nin sistemi qapalı şəbəkə üzərində olduğu üçün kənardan birbaşa təmas imkanları mümkünsüzə yaxındır. Kiber hücumlar olsa belə ilk mərhələdə təhlükəsizlik avadanlıqları və sistemlərin köməyi ilə qarşısı alınır.

Büro ölkədə azsaylı təşkilatlardan biridir ki, hər il kənar beynəlxalq peşəkar şirkətlər tərəfindən İT auditin keçirilməsini təmin edir və mümkün riskləri müəyyən edərək aradan qaldırır.

Bununla yanaşı, AKB öz biznes proseslərini İSO standartlarına uyğun qurmağa qərar vermiş və bununla bağlı texniki operatorun seçilməsi üçün tender keçirmişdir. Tenderin qalibi konsaltinq sahəsində böyük dördlüyə daxil olan “Deloitte” şirkəti olmuşdur və ilin sonuna qədər bu prosesin yekunlaşdırılması planlaşdırılır.

Hazırda ASAN xidmət mərkəzinə müraciət edərək vətəndaşlar öz kredit tarixçəsini əldə edə bilir. Kredit Bürosu məsafədən xidmətlərin daha aktual olduğu bir dövrdə vətəndaşın öz kredit tarixçəsini əldə etməsi üçün hər hansı yenilik planlaşdırırmı?

Bildirmək istərdim ki, Büro davamlı olaraq öz fəaliyyəti ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və yeni xidmətlərin tətbiq olunması ilə əlaqədar işləri davam etdirməkdədir. Hal-hazırda, xüsusilə Covid-19 pandemiyası ilə əlaqədar olaraq xidmətlərin məsafədən təqdim edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilənləri və məhsul çeşidinin artırılmasının məntiqi davamı olaraq Büro cari il ərzində “Mənim Bürom” layihəsini şəxslərin istifadəsinə təqdim etməyi planlaşdırır.

Qeyd edilən layihə kredit tarixçəsi subyektlərinin Büronun təqdim etdiyi xidmətlərə əlçatanlığının yüksəldilməsinə xidmət edir. Belə ki, müvafiq layihə reallaşdıqdan sonra şəxslər öz elektron kabinetlərinə daxil olmaqla Büronun fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulmuş bütün xidmətlərini elektron şəkildə əldə edə biləcəklər.

Hazırda Kredit Bürosu ümumilikdə neçə təşkilatla əməkdaşlıq edir və gələcəkdə bu qurumların sayı artacaq?

Cari dövrdə Büro ilə əməkdaşlıq edən təşkilatların sayı 159-a yüksəlmişdir və bu say mütəmadi olaraq artmaqda davam edir. Belə ki, Büro olaraq kredit təşkilatları ilə davamlı görüşlər keçirir, Büroya inteqrasiyanın üstünlükləri barədə onları məlumatlandırır və qoşulma qaydaları barədə ətraflı məlumatlar təqdim edirik.

Bunun nəticəsidir ki, ölkədə fəaliyyət göstərən hissəli satış təşkilatlarının əksəriyyəti artıq Büro ilə əməkdaşlıq edərək məlumat mübadiləsi həyata keçirir və hal-hazırda bu və digər növ təşkilatların sayı artmaqda davam edir.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari il ərzində büro üzərindən sorğu statistikası necə dəyişib? 

2021-ci ilin ilk 8 ayı ərzində Büronun sistemindən kredit təşkilatları tərəfindən ümumilikdə 2,556,224 real vaxt rejimində sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 60.8 faiz çoxdur. Qeyd edək ki, 2020-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 1,553,015 sorğu yerinə yetirilmişdir.

Cari ilin ilk 8 ayı ərzində Büronun istifadədə olan skorinq xidmətindən ümumilikdə 137 662 sayda sorğu qeydə alınmışdır.

Toplu sorğu xidməti isə 2020-ci ilin avqust ayından etibarən təşkilatların istifadəsinə təqdim edilmişdir. Bu xidmət kredit təşkilatlarına öz cari borcalanlarının məlumatlarını toplu şəkildə sorğulamaq, mütəmadi olaraq onların monitorinqini həyata keçirərək təhlillər aparmaq və beləliklə risklərini qiymətləndirmək imkanı yaradır. Xüsusilə qeyd etmək istərdik ki, müvafiq sorğuların qiyməti real vaxt rejimində aparılan sorğulara nisbətdə saydan asılı olaraq dəyişir və xeyli aşağıdır. Qeyd edilən xidmətdə gündəlik emal həcmi 500,000 təşkil edir ki, bu da kifayət qədər yüksək göstəricidir. Xidmətin istifadəyə verilməsindən qısa müddət sonra 3 təşkilat müvafiq servislərdən istifadə etməyə başlamışdır.

Cari il ərzində toplu sorğu xidməti vasitəsilə isə 10 milyondan artıq sorğu icra edilmişdir.

Kredit Bürosunda kredit tarixçəsi ilə yanaşı başqa hansı məlumatlar toplanılır?

Büro hal-hazırda “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən bir çox məlumatların müvafiq dövlət orqanlarından inteqrasiya edilərək çıxarışlarda əks etdirilməsi üzrə işlər aparır. Bildiyiniz kimi AKB regionda ilk kredit bürodur ki, kommunal xidmətləri sisteminə inteqrasiya etmişdir.

Cari ildə isə borc müqavilələri, cərimə və sanksiyalarla bağlı məlumatların da Büroya inteqrasiyası gözlənilir. 

Hazırda Kredit Bürosunun sisteminə neçə vətəndaşın məlumatları inteqrasiya olunub?

01.09.2021 dövrünə olan məlumata əsasən Büro bazasında ümumilikdə 3 359 052 (Fiziki – 3 231 447, hüquqi – 18 668, fərdi sahibkar – 108 937) sayda borcalan məlumatı mövcuddur ki, bu borcalanların da 1 929 213-ü (fiziki – 1 841 952, hüquqi – 6 965, fərdi sahibkar – 80 296)  aktiv krediti olan borcalan var.

Kredit Bürosuna üzv olmaq istəyən təşkilatlar üçün əməkdaşlıq şərtləri necədir?

 Büro ilə əməkdaşlıq etmək istəyən təşkilatlar ilk növbədə Büroya rəsmi qaydada müraciət edərək öz təşkilatları barədə məlumatları Büroya təqdim edirlər. Büro tərəfindən əsas şərt təşkilat tərəfindən öz məlumatlarının Büro sisteminə inteqrasiyasının təmin edilməsidir.  Təqdim edilmiş struktur AKB sisteminin tələblərinə cavab verdikdən sonra təşkilat ilə müqavilə imzalanır və bundan sonra məlumat mübadiləsi həyata keçirilir.

Kredit Bürosu Türkiyənin müvafiq qurumu ilə əməkdaşlıq edirdi bu əməkdaşlıq hansı səviyyədədir və bu sahədə yeniliklər gözlənilir?

Bildiyiniz kimi AKB-də yeni skorinq xidmətinin hazırlanması Türkiyənin Kredi Kayıt Bürosu (KKB) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. AKB tərəfindən yeni məhsulların hazırlanması, inkişaf etdirilməsi və təşkilatların istifadəsinə təqdim edilməsi zamanı müxtəlif ölkələrin Bürolarının təcrübəsinə baxılmaqla yanaşı, Türkiyənin də bu sahədə təcrübəsi də daim diqqətdə saxlanılır. Eyni zamanda mütəmadi olaraq Türkiyəli həmkarlarımızla təcrübə mübadiləsi aparılır.

Müəllif: Aynur Qəniyeva