BANK

08 Sentyabr

Kapital Bank-ın dəstəyi ilə ənənəvi “Təhsil avtobusu” layihəsi keçirilir

Kapital Bank Təhsil nazirliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. Bu il keçirilən “Təhsil avtobusu – Qayıdış” proqramı 14 sentyabr 2021-ci il tarixinədək davam edəcək və ümumilikdə 200-dək şagirdi əhatə edəcək.

Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq. Orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdlərinə Qarabağ mövzuları əsasında dərslər, həmçinin peşə, sosial sahibkarlıq, natiqlik, sağlamlıq, incəsənət, motivasiya istiqamətində təlimlər və intellektual yarışlar keçiriləcək.

Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.