BANK

24 Avqust

Azərbaycan neft hasilatını AZALDIB

2021-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Fins.az xəbər verir ki,neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.

Məlumata görə, respublika üzrə neft hasilatının 13,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır. 

Cari ilin yanvar-iyul aylarında ölkədə 24,1 milyard kub metr qaz hasil edilib. Qazın 7,5 milyard kub metri AÇG-dən, 12 milyard kub metri “Şahdəniz”dən, 4,6 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 faiz, yəni 1,7 milyard kub metr artımla qaz hasil edilib.

Müəllif:Aynur Qəniyeva