BANK

13 Avqust

Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinə - Niyə Maraq Yoxdur?

Azərbaycanda valyuta alqı-satqısı demək olar ki, bankların nəzarətindədir.

Fins.az  xəbər verir ki, indiyə qədər Azərbaycan Mərkəzi Bankı (AMB) banklarda başqa cəmi 1 şirkətə - "Eliko" MMC-yə valyuta mübadiləsi fəaliyyətini lisenziya verib.

Şirkət VMF-1 saylı lisenziyanı ötən il sentyabrın 23-də alıb və hazırda Bakıda valyuta alqı-satqısı ilə məşğuldur.

"Valyutadəyişmə məntəqələrinə dair tələbələr mühafizəkardır"

AMB-nin sədri Elman Rüstəmov o vaxt bildirmişdi ki, valyutadəyişmə məntəqələrinə dair tələbələr mühafizəkardır: "Şərtlərə cavab vermək mühümdür. Bankların valyutadəyişmə məntəqələri bank qanunvericiliyi və banklara qarşı kapital tələbləri əsasında fəaliyyət göstərir. Qeyri-bank təşkilatlarının isə valyuta mübadiləsi əməliyyatları aparmalarına dair tələblər obyektiv olaraq mühafizəkardır. Biz hər bir müraciəti obyektiv qiymətləndiririk. Əgər onlar qanunvericiliyin tələbinə uyğun şəkildə verilibsə, burada heç bir məhdudiyyət yoxdur. Əgər müraciətlər qanunvericiliyə uyğundursa, biz lisenziyalaşdırmanı davam etdirəcəyik".

"Valyutadəyişmə məntəqələri valyutanı hardan alacaqlar?"

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, Azərbaycanda valyuta dəyişmə məntəqələrinin açılmasına marağın aşağı olması ilk növbədə onunla bağlıdır ki, həmin sahibkarlar müəyyən kapitala malik olmalı və banklarda depozit saxlamalıdır: "Bunun özü sahibkarlar üçün müəyyən mənada yükdür. Çünki pulunu bankda elə-belə saxlayırsan və heç nə qazanmırsan.

İkinci səbəb odur ki, valyuta dəyişmə əməliyyatlarına maraq azdır. Çünki əhalinin koronavirus (COVID-19) pandemiyası və digər səbəblərdən onsuz da o qədər pulu yoxdur ki, getsin valyuta alsın. Yəni, bu sahə elə də gəlirli deyil.

Üçüncü səbəb odur ki, valyuta dəyişmə məntəqələri üçün valyutanı əldə etmək elə də asan məsələ deyil. Onlar valyutanı haradan alacaqlar? Banklardan. Bu dəqiqə banklar yalnız günün I yarısında valyuta satırlar və hamının 20 min manatlıq limiti var. Belə bir məhdudiyyətin olması valyuta dəyişmə əməliyyatları ilə məşğul olan sahibkar üçün qeyri-müəyyənlikdir. O bilir ki, belə bir halla üzləşəcək və ola bilsin ki, gəlir götürməsin.

Və nəhayət, bu valyutadəyişmə məntəqəsi üçün AMB-dən icazə alınmalıdır və bu da asan məsələ deyil. Hətta banklar filial açanda belə icazəni asanlıqla ala bilmirlər. Bu da onla bağlıdır ki, Azərbaycanda bir neçə il əvvəl "Lisenziyalar və icazələr" haqqında qanunu qəbul olunub və o qanuna görə bütün lisenziya və icazələri İqtisadiyyat Nazirliyi verir. Tikinti də daxil olmaqla istənilən sahəə tam şəffaf və ədalətli qaydada bu proses həyata keçirilir. Amma maliyyə sektorunda icazə və lisenziyaları yenə də AMB verir (qanunda maliyyə bazarları istisna hal kimi qeyd edilib). AMB də bunu dədə-baba qaydasında edir, yəni qeyri-şəffaf şəkildə kimə istəyir lisenziya və icazə verir, kimə istəmir vermir".

(c)Report