BANK

13 Avqust

Azərbaycan Mikromaliyyə Assosiasiyası AÇIQLAMA YAYDI

Koronavirus (COVİD-19) pandemiyası və onun yaratdığı böyük iqtisadi çətinliklər nəticəsində Azərbaycadakı mikro və kiçik sahibkarların 80%-nin vəziyyəti pisləşib.

Fins.az xəbər verir ki, bu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) COVİD-19-un Azərbaycanda mikro və kiçik bizneslərə təsirini dərindən araşdırmaq məqsədi ilə həyata keçirdiyi apardığı tədqiqat nəticəsində məlum olub. Tədqiqat layihəsi çərçivəsində dekabr 2020 – fevral 2021 dövrü ərzində Azərbaycanın bütün regionları əhatə olunmaqla 1001 mikro və kiçik sahibkarla müsahibələr aparılıb.

Aparılan tədqiqat zamanı həm kişi, həm qadın respondentlərin orta hesabla 79%-i pandemiya dövründə maddi vəziyyətlərinin pisləşdiyini bildiriblər. Respondentlərin bütün mənbələrdən orta illik gəliri 2019-cu ilə nisbətən 2020-ci ildə 40% civarında azalıb.

Sahibkarları nanahat edən əsas məsələ işləmək və gəlir əldə etmək imkanı və ailələrinin sağlamlıq durumu oub. Diqqəti cəlb edən məqam odur ki, iş adamları arasında işləmək və gəlir əldə etmək imkanı ilə bağlı narahatlıq artıb. Belə ki, 2020-ci ilin dekabr ayında respondentlərin yalnız 43,1%-i bu məsələlərdən narahatlıqlarını bildirdikləri halda, 2021-ci ilin yanvar və fevral aylarında bu göstərici müvafiq olaraq 60,8% və 64,9%-ə yüksəlib. «Bu da gəlir əldə etmənin mikro və kiçik sahibkarlar üçün əsas problem olaraq qalmasını göstərir»-deyə tədqiqatda bildirilir.

Rəyi soruşulan sahibkarların böyük əksəriyyəti böhrandan çıxmaq üçün onlara aşağı faizli (illik 5-15%) kreditlərin asan şərtlərlə verilməsini istəyiblər.

Qeyd edək ki, bununla bağlı dövlət proqramları var – amma rəyi soruşulan sahibkarlar daha aşağı faizlərlə dövlət tərəfindən dəstəklənən xüsusi kredit proqramlarının olmasına baxmayaraq, bu cür kreditlərin mikro sahibkarlara verilməməsindən şikayətlənibər.

Bundan əlavə, Hökumətin kredit ödənişlərini kompensasiya etməsini – əsas məbləğin və faiz ödənişlərinin tam olaraq, yaxud qismən bağışlanmasını xahiş edənlər də olub.

Sahibkarlar kompensasiya, vergi güzəştləri və digər subsidiyalar şəklində Hökumət dəstəyinin davam etməsini və bu dəstəyin daha çox insanı əhatə etməsini arzu ediblər.

Bundan başqa, iş adamları hesab edir ki, mikro və kiçik bizneslərin canlanması üçün kredit ödənişlərinə tətillərin verilməsi, qrant şəklində əlavə kapitalın təmin olunması və bazarlara çıxışa yardım edilməsi tələb olunur.

Xatırladaq ki, tədqiqat İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) maliyyə dəstəyi ilə həyata keçirilib, layihənn layihənin əsas icraçısı “Finance and Social İnnovation Consulting” MMC (FSİC) olub.

Müsahibələr və araşdırmalar Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri və AMFA üzvü olan BOKT-ların – FİNCA Azərbaycan, Aqrarkredit, İnkişaf üçün Maliyyə, Viator Mikrokredit, Avrasiya-Kredit, Qafqaz Kredit və EmbaFinans təşkilatlarının müştəriləri arasında aparılıb.