BANK

26 İyul

ABB -nin xalis mənfəəti 25% ARTIB

Aktivlərinin həcmi daxil bir sıra göstəricilər üzrə Azərbaycanın ən böyük bankı olan ABB (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 2021-ci ilin 1-ci yarısında ABB-nin xalis mənfəəti  ötən ilin eyni dövrü ilə müqaisədə 29 milyon 671 min manat və ya 25% artaraq 148 milyon 150 min manat  təşkil edib. 

Fins.az  bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında ABB-nin faiz gəlirləri 13 milyon 204 min manat və ya 6,5% artaraq 215 milyon 429 min manat, qeyri-faiz gəlirləri isə 38 milyon 924 min manat və ya 77,2% artaraq 99 milyon 330 min manat təşkil edib. 2020-ci ilin 1-ci yarısında bankın faiz gəlirləri 202 milyon 225 min manat, qeyri-faiz gəlirləri isə 60 milyon 407 min manat təşkil edib.

Qeyd edək ki, qeyri-faiz gəlirlərinin kəskin artması əsasən “digər gəlirlər” ilə əlaqədardır. Bankdan əldə edilən məlumata görə, bu artımın əsas səbəbi törəmə təşkilatdan əldə edilmiş dividentlə bağlıdır.

ABB-nin müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 16 milyon 687 min manat, qiymətli kağızlar üzrə faiz gəlirləri isə 11 milyon 879 min manat artıb.

2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 52 milyon 128 min manat artmasına qarşılıq ABB-nin əməliyyat xərcləri (cəmi faiz və qeyri-faiz xərcləri) 22 milyon 850 min manat artıb. Qısası, gəlirlərin artması xərclərin artmasını 2 dəfədən çox üstələyib. Nəticədə, ABB-nin əməliyyat mənfəəti 29 milyon 276 min manat artaraq 164 milyon 374 min manat təşkil edib. 2020-ci ilin 1-ci yarısında ABB-nin əməliyyat mənfəəti 135 milyon 97 min manat təşkil etmişdi.

Ötən ilin ilk yarısında mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 11 milyon 179 min manat ABB-nin mənfəət vergisindən əvvəlki mənfəətini artırmışdı. 2021-ci ilin ilk yarısında isə əməliyyat mənfəətindən 1 milyon 355 min manat ehtiyata ayrılıb. Buna baxmayaraq gəlirlərin güclü artımı ilə əlaqədar olaraq mənfəət də artıb və 163 milyon 19 min manat təşkil edib. ABB 163 milyon 19 min manatlıq mənfəət vergisindən əvvəlki mənfəətindən 14 milyon 869 min manat mənfəət vergisi ödəyib və yekunda cari ilin yanvar – iyun dövrünü 148 milyon 150 min manat xalis mənfəətlə bağlayıb.

Kreditlər üzrə faiz gəlirlərinin artması müştərilərə verilən kreditlərin artmasından qaynaqlanır. Belə ki, 2021-ci ilin 6 ayı ərzində ABB tərəfindən müştərilərə verilmiş cəmi kreditlər (kredit portfeli) 91 milyon 614 min manat və ya 3,5% artaraq 2,7 milyard manatı da keçməklə 30 iyun 2021-ci il tarixində 2 milyard 700 milyon 714 min manata çatıb. Ötən ilin  sonunda Bank tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2 milyard 609 milyon 99 min manat təşkil etmişdi.

2021-ci ilin yanvar - iyun dövründə ABB-nin qiymətli kağızlara investisiyaları 146 milyon 166 min manat artaraq 1 milyard 414 milyon 143 min manata çatıb.

30 iyun 2021-ci il tarixində ABB 8 milyard 856 milyon 3 min manat cəmi aktivlərə malik olub. Bank 2020-ci ilin sonunda 8 milyard 962 min 793 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalması əsasən borc qiymətli kağızlar üzrə öhdəliklərin azaldılması ilə əlaqədar olaraq nağd pul vəsaitlərinin azalması ilə bağlıdır.

2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin ilk 6 ayı ərzində ABB-də cəmi depozitlər 232 milyon 747 min manat artaraq 5 milyard 782 milyon 325 min manata, o cümlədən hüquqi şəxslərin (şirkətlərin) depozitləri 313 milyon 392 min manat artaraq 4 milyard 572 milyon 689 min manata çatıb. Fiziki şəxslərin (əhalinin) depozitləri isə 80 milyon 644 min manat azalaraq 1 milyard 209 milyon 635 min manata geriləyib.

2021-ci ilin 2-ci rübündə ABB-nin qiymətli kağızlar üzrə borcu azalıb. Belə ki, borc qiymətli kağızlar üzrə öhdəliklər 852 milyon 108 min manat azalaraq 769 milyon 49 min manata düşüb. Ötən ilin sonunda Bankın borc qiymətli kağızlar üzrə öhdəlikləri 1 milyard 621 milyon 157 min manat, 2021-ci ilin 1-ci rübünün sonunda isə 1 milyard 619 milyon 49 min manat idi.

30 iyun 2021-ci il tarixində ABB 1 milyard 263 milyon 831 min manat məcmu kapitala malik olub.

İlk yarımil ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 30.11%, məcmu kapitalının adekvatlıq əmsalı 32.03% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq 5% və 10%) əhəmiyyətli dərəcədə yüksək olub.