Dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco", söz verdiyi 75 milyard dollarlıq dividend ödəməsini reallaşdıra bilmək üçün dollarda sukuk emissiya etməyə hazırlaşır. Sukuk - bir sıra islam ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir.
Fins.az xəbər verir ki, "Saudi Aramco" ilk sukuk emissiyası üçün Citigroup və Goldman Sachsın da aralarında olduğu banklara səlahiyyət verib.
Dövlətin nəzarət etdiyi şirkət üç, beş və on il müddətli 3 sukuk ixrac edəcək. "Saudi Aramco" cəlb edəcəyi vəsait ilə keçən il söz verdiyi 75 milyard dollarlıq dividendin ödənilməsini reallaşdıracaq.
Səudiyyə Ərəbistanının ən böyük gəlir qaynağı olan neft 2021-ci ilin əvvəlindən bu yana 40%-dən çox bahalaşaraq 70 dolları keçib. "Saudi Aramco"nun ilk rübdə gəliri artıb.
Sukuku əldə edən sərmayəçi faizsiz sabit gəlir əldə edir. Sərmayəçi şirkətin və ya dövlətin sukuk sertifikatında göstərilən nisbətlər çərçivəsində bir aktivə sahib və ya ondan faydalanmaq hüququna malik olur.
