BANK

26 May

Embafinansın faiz gəlirləri artıb

Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun maliyyə nəticələrini əldə edib.

2020-ci ilin ölkə üçün çox çətin il olduğuna baxmayaraq, BOKT “Embafinans” QSC yenə də rəqəmləri ilə uğur göstərir.

Maliyyə hesabatlarına “PraysvoterhausKupers Audit Azərbaycan” şirkəti (PwC Azerbaijan) rəy verib.

Pandemiya ilə əlaqədar sərt karantin tədbirlərinin həyata keçirildiyi 2020-ci ildə Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC-nin faiz gəlirləri artıb.

2019-cu illə müqayisədə 2020-ci ildə BOKT “Embafinans” QSC-nin cəmi faiz gəlirləri 169 min 181 manat artaraq 10 milyon 88 min 437 manat təşkil edib. 2019-cu ildə təşkilatın cəmi faiz gəlirləri 9 milyon 919 min 256 manat olmuşdur.

“Embafinans” 2020-ci ili 2 milyon 829 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ildə təşkilatın xalis mənfəəti 3 milyon 251 min manat təşkil etmişdir.

31 Dekabr 2020-ci il tarixində “Embafinans” 34 milyon 428 min manat cəmi aktivlərə malik olub, o cümlədən cəmi aktivlərin 27 milyon 409 min 101 manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2019-cu ilin sonunda təşkilatın cəmi aktivləri 42 milyon 82 min 796 manat, o cümlədən müştərilərə verilmiş kreditlər 34 milyon 988 min 897 manat təşkil etmişdir.