BANK

26 May

Türkiyənin elektron pul və ödəmə xidmətləri şirkəti Azərbaycan bazarına daxil olur

Türkiyənin elektron pul və ödəmə xidmətləri şirkəti "Birleşik Ödeme" Azərbaycan bazarına daxil olur.

Fins.az xəbər verir ki, Azərbaycanda "United Payment Azerbaijan" adlı şirkət təsis edilib.

"United Payment Azerbaijan" şirkətinin direktoru Edqar Abdullayev Fins.az-a açıqlama verərək bildirib ki, 2010-cu ildə yaradılmış "Birleşik Ödeme" şirkəti tərəfindən Türkiyə xaricinə genişlənmək və bu çərçivədə ilk olaraq Azərbaycan bazarına daxil olmaq qərarı verilib. 

"Qarşıdakı 3 il ərzində cəmi 8 ölkədə fəaliyyətə keçərək; 3 ilin sonunda 35 milyon istifadəçi və 1 milyard dollarlıq əməliyyat həcmilə bölgənin ən böyük "Fintech" şirketi olmağı hədəfləyən "Birleşik Ödeme", bu hədəf çərçivəsində ilk addımı Azərbaycanla atır",- Edqar Abdullayev bildirdi.

"Birleşik Ödeme" Türkiyədə elektron pul və ödəmə xidmətləri lisenziyası alan ilk şirkətlərdən biridir. Şirkət Türkiyənin qabaqcıl markaları ilə əməkdaşlıq edir.

"Birleşik Ödeme", Türkiyənin ilk və tək finteç (fintech) xidmət platforma təminatçısı (FaaS) şirkəti olaraq müəssisələrin elektron maliyyələşmə proseslərində infrastruktur təkliflərini təqdim edir: elektron pulqabı, virtual və ya fiziki ön ödəməli kart, ölkədaxili və xarici pul transferi, online/offline ödəniş və kiosk/ağıllı kassa həlləri.

"United Payment Azerbaijan" şirkəti "Birleşik Ödeme Hizmetleri" və "E-Para A.Ş." şirkətləri tərəfindən təsis edilib.