BANK

25 May

Ərdoğan daha bir bankiri işdən çıxardı

Fins.az  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugün səhər saatlarında imzaladığı sərəncamla Türkiyə Mərkəzi Bankı sədrinin müavini, monetar siyasət komitəsinin üzvü Oğuzhan Özbaşı vəzifəsindən azad edib. Əvəzində bu vəzifəyə Ankara TED Universitetinin professoru Semih Tümen təyin olunub.

Mart ayında Ərdoğan son 2 ildə üçüncü dəfə mərkəzi bankın sədrini dəyişərək, Naci Ağbalı vəzifəsindən azad etmiş və  yerinə köşə yazarı Sahap Kavcıoğlunu təyin etmişdi. Cəmi bir həftə sonra isə sədrin müavini Murat Çətinkaya da vəzifəsindən ayrılmışdı. Son dövrlərdə rəhbərlikdə baş verən dəyişikliklər fonunda türk lirəsi martdan bəri dollar qarşısında 14% dəyər itirib.

Mərkəzi bankın faiz qərarına dair növbəti toplantısı iyunun 17-də keçiriləcək.  Ərdoğan daha öncə həm faiz dərəcəsinin, həm də inflyasiya həddinin 10%-dən aşağı olacağını bildirmişdi. Kavcıoğlu öz növbəsində inflyasiyanın zəifləməsinə qədər monetar siyasətin ciddi nəzarət altında saxlanacağını vəd edib.

London School of Economics və Çikaqo Universitetinin məzunu olan 44 yaşı Tümen daha öncə Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb və Ərdoğanın insan resursları üzrə müşaviri olub.