May ayının əvvəlindən başlayaraq Azərbaycanda COVID-19 pandemiyasının səngiməsi məhdudiyyətlərin yumşaldılmasına izin verəcək və bu da, öz növbəsində, iqtisadi bərpanı dəstəkləyəcək.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının iqtisadçıları bildirir.
Bankın hesablamalarına görə, Azərbaycanda ÜDM istehsalı ardıcıl 12 aylıq azalmadan sonra martda ilk dəfə olaraq illik müqayisədə artıb. Bundan əlavə, inflyasiyanın stabil qaldığını qeyd edən bankın mütəxəssisləri, ölkənin bank sektorunun bərpasının staqnasiyada qaldığını bildirirlər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda ÜDM-in azalma tempi azalsa da, hələ də artıma keçməyib və 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 078,6 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% az ÜDM istehsal olunub.
Xatırladaq ki, ötən il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM istehsalı 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.
(c)Apa