Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Atabank” ASC və “Amrahbank” ASC -nin ləğvedicisi təyin edilib.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Fond agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişi ilə bağlı elanın ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Məlumat üçün bildirmək istərdik ki, Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Bununla əlaqədar olaraq, “Atabank” ASC və “Amrahbank” ASC ilə bağlı ilk bildiriş 01.05.2020-ci il tarixində www.adif.az saytında yerləşdirilmişdir.
Qeyd edək ki, sözügedən bildirişlər (3 dəfə) elan edildikdən sonra 1 il müddətində Fond “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sözügedən ləğv prosesində olan bankların sığortalı əmanətlərinin tam şəkildə kompensasiya edilməsi prosesinə başlaması haqqında məlumatı kütləvi informasiya vasitələrində və Fondun rəsmi saytında elan etmiş və kompensasiyaların ödənilməsi prosesinə başlanılmışdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir. Kompensasiyaların çevik şəkildə ödənilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və xüsusilədə ölkəmizdə tüğyan edən “Covid 19” virusu səbəbilə tətbiq olunan karantin rejiminə riayət olunması məqsədilə qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilməsinə şərait yaradılmışdır. Həmçinin “Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması üçün qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi iki mərhələdə baş həyata keçirilmişdir. İlkin olaraq 01 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların və 01 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanmışdı.
Əmanətçilərin kompensasiya ödənişi üçün ərizələrinin qəbul edilməsi ilə bağlı elanının ilk dəfə dərc edildiyi gündən bir il ötməsini nəzərə alaraq, 01 may 2021-ci il tarixindən etibarən sözügedən ləğv prosesində olan bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitmişdir. Qeyd edək ki, ötən ilin iyun ayının 01-dən cari ilin may ayının 01-dək “Atabank” ASC-nin 9,837 əmanətçisinə 246,822,559 milyon manat (ümumi kompensasiya öhdəliyinin 94.81%-i), “Amrahbank” ASC-nin 5,844 əmanətçisinə 140,461,716 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97.00%-i), hər iki bank üzrə isə toplam 15,681 əmanətçisinə 387,284,275 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilmişdir. Məlumat üçün bildiririk ki, yuxarıda adı çəkilən ləğv prosesində olan bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq Əmanətlərin Sığortalanması Fondunun baş ofisində (Babək prospekti 16 ünvanında) həyata keçiriləcəkdir.
Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “Atabank” ASC və “Amrahbank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki şəxslərin ödənişlərini köçürmə yolu ilə sözügedən ləğv prosesində olan bankların Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə həmin bankların baş ofisləri (Bakı şəhəri üzrə) və filial şəbəkələrində (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirmələrini kütləvi informasiya vasitələrində, Fondun sosial media hesablarında və rəsmi veb saytında məlumat dərc edərək bildirmişdir.
Əlavə olaraq bildirmək istərdik ki, Əmanətlərin Sığortalanması Fondu 2007-ci il 12 avqust tarixində əmanətlərin sığortalanması, ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək məqsədləri üçün yaradılmışdır. Banklarda sığorta hadisəsi baş verdikdə Fond əmanətçilərin kompensasiyalarının ödənilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada təmin edir, eləcə də sözügedən maliyyə institutlarının ləğvedicisi kimi fəaliyyət göstərir.