BANK

06 May

"Fitch": Region iqtisadiyyatı COVID-19-dan - Bərpa Olunur

"Fitch" agentliyi tərəfindən Azərbaycanın da daxil olduğu Avropanın inkişaf etməkdə olan ölkələr regionunun iqtisadiyyatı məhdudiyyətlərin azalması, vaksinasiyanın sürətlənməsi və dövlət dəstəyi sayəsində COVID-19 pandemiyasının təsirlərindən bərpası davam etsə də, virusun yenilənmiş dalğaları sözügedən prosesin aktivliyini səngidir.

Fins.az xəbər verir ki,  bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin region üzrə yenilənmiş hesabatında deyilir. Bildirilir ki, COVID-19 məhdudiyyətlərinin uzanması dövlətlərin maliyyə sistemlərinə təzyiqi davam etdirir, lakin dərin maliyyələşdirmə problemləri hələ müşahidə olunmayıb. Bundan əlavə, bölgənin çox hissəsində inflyasiya sürətlənərək monetar siyasət çərçivəsində cavab tədbirlərinə səbəb olub.

"ABŞ-ın uzunmüddətli faiz dərəcələrinin yüksəlməsi, ümumiyyətlə, avro maliyyələşdirilməsinin üstünlük təşkil etdiyi mərkəzi və şərqi Avropa regionuna və sözügedən valyutada maliyyələşdirməyə nadir halda girişi olan MDB ölkələrinə az təsir göstərib", - deyə hesabatda bildirilir.

Fitch" qeyd edir ki, Türkiyə istisnadır. Ölkənin xarici maliyyələşdirməyə olan böyük tələbatı və Mərkəzi Bankın rəhbərliyin dəyişməsindən sonra monetar siyasətdə yaranan qeyri-müəyyənlik Türkiyənin həssaslığını bir qədər də artırıb. Rusiyanın xarici maliyyələşdirmə imkanları qismən sanksiyalarla məhdudlaşdırılırsa da, ölkənin reytinqi ("BBB") ABŞ-ın aprel ayında tətbiq etdiyi yeni sanksiyalara davamlıdır. Sözügedən tədbirlər ABŞ qurumlarının ölkənin yerli valyutada ilkin bazar əməliyyatlarındaiştirakını qadağan edir.

Agentliyə görə, region ölkələrinin reytinqləri Ermənistan ("BB-"dən "B+"a azalma) və Slovakiya ("A+"dan "A"ya azalma) istisna olmaqla pandemiyanın təsirlərinə tab gətirib. Lakin COVID-19 böhranının ölkələrin özlərinə xas olan problemlərlə birgə yerli və xarici maliyyələrinətəsiri, regionun 21 ölkəsindən 6-nın reytinq üzrə proqnozunun "mənfi" təyin edilməsi ilə yekunlaşıb. "Mənfi" proqnozlu ölkələrin siyahısına Azərbaycan ("BB+"), Gürcüstan, Şimali Makedoniya, Rumıniya, Slovakiya və Belarus daxildir.

"Fitch" hesabatında xatırladır ki, iki ölkənin reytinq üzrə proqnozu yüksəldilib. Türkiyənin proqnozu "stabil"ə, Bolqarıstanın reytinqi isə "müsbət"ə dəyişdirilib. (Apa)