Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağı keçirilib. ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.
Assosiasiyadan fins.az-a bildirilib ki, iclasın gündəliyinə ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabatın (görülmüş işlər, ekspert qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, Assosiasiyanın audit komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın törəmə qurumlarının 2021-ci il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi, ABTM, Banklar və Biznes qəzeti, Biləsuvar bağça-məktəb-lisey kompleksi və cari məsələlər daxil olub. İclasda ABA-nın icraçı direktoru Yunus Abdulov tərəfindən qurumun 2020-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı təqdim edilib və təsdiq olunub. ABA-nın audit komitəsinin hesabatı dinlənilib və təsdiq edilib. Bundan əlavə iclas iştirakçıları ölkənin Bank Ombudsmanının son 3 il üçün fəaliyyətinə dair hesabatını dinləyib, gələcək planlar haqqında məlumat verilib.
İclas zamanı ABA-ya üzv olmaq məqsədilə 1 bank – “Naxçıvanbank” ASC, 2 qeyri-bank – “Azərbaycan Kredit Bürosu” MMC-nin və “MilliKart” MMC-in müraciətlərinə baxılıb. Müraciətlər iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul olunub, təşkilatlar ABA-nın üzvləri siyahısına daxil edilib. Beləliklə, hazırda assosiasiyaya üzv təşkilatların sayı artaraq 26 bank və 6 qeyri-bank olub.
Sonda 2019-cu il və 2020-ci il üzrə ABA-ya üzv bankların, ən fəal ekspert qruplarının və bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank ekspertlərinin onlayn formada mükafatlandırılması keçirilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.