İpoteka və Kredit Zəmanət Fondu (İKZF) avtomatlaşdırılmış baş mühasibat uçotu sisteminin Ani Ödənişlər Sisteminə inteqrasiyası üzrə xidmətlər seçir. Bu barədə fondun məlumatında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Təkliflər aprelin 1-dək qəbul olunur. Tender proseduru aprelin 2-də baş tutacaq.
Tenderdə iştirak haqqı 200 manatdır.
Qeyd edək ki,prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 637 milyon manatdır.
Ani Ödənişlər Sistemi ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 5-10 saniyə ərzində tam başa çatdırılması imkanını təmin edir. Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılıb.*