BANK

15 Fevral

Azərbaycanda bu layihəyə 10 milyon avro kredit ayrılacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) martın 9-da “Gəncə şəhər Mənzil-Kommunal” İstehsalat Birliyinə 10 milyon avro kredit ayrılmasını təsdiq etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə bankın saytında məlumat verilir.

Məlumata görə, bank Gəncə şəhərində bərk məişət tullantılarının toplanması infrastrukturunun (tullantıların yığılması, küçə təmizlənməsi) yenilənməsinə və birliyin əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasına dəstək verəcək. 2021-ci il martın 9-da kreditin ayrılmasının təsdiqi planlaşdırılır.

AYİB-in qiymətləndirmələrinə görə, layihə Gəncə şəhərində tullantıların toplanması xidmətinin ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartları baxımından yaxşılaşdırılmasına imkan verəcək. Layihənin ümumi dəyəri 10 milyon avro təşkil edir.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür.  AYİB bu günədək respublikada 175 layihənin maliyyələşdirilməsinə 3,4 milyard avro ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 36 layihə daxildir və onların həyata keçirilməsinə 1,25 milyard avro ayrılıb.