BANK

10 Fevral

“Yelo Bank” 2021-ci ildə kredit portfelini 40%-dən çox artırmağı planlaşdırır

"Yelo Bank" 2021-ci ildə kredit portfelini 40%-dən çox artırmağı planlaşdırır. Bunu bankın İdarə Heyəti sədrinin müavini və maliyyə direktoru Emil Duşdurov deyib.

“Biz kredit portfelimizin 40%-dən çox artacağını planlaşdırır, eyni zamanda, kiçik və orta biznesin kreditləşmə həcminin 25%-dən çox, mikrokredit portfelinin isə 110%-dən çox artacağını gözləyirik. 2020-ci illə müqayisədə verilən kreditlərin həcmində iki dəfə artımın olmasını gözləyirik. Biz, həmçinin portfelin keyfiyyəti üzərində də çox fəal işləyirik və əminik ki, problemli aktivlərlə səmərəli iş sayəsində biznesimizin risk əmsalı əhəmiyyətli dərəcədə azalacaq”, - deyə o, müsahibəsində bildirib.

E.Duşdurovun sözlərinə görə, bank biznesin kreditləşməsi ilə yanaşı, istehlak kreditləri portfelini də inkişaf etdirəcək.

“İstehlak kreditləşməsi bizim biznesin istiqamətlərindən biridir. Biz, istehlak kreditləri də verməyə davam edəcəyik, lakin eyni zamanda, portfelimizin strukturuna çox ciddi nəzarət edəcəyik. Gələcəkdə kredit portfelimizin təqribən 60%-ni kiçik və orta biznes kreditləri və mikro kreditlər təşkil edəcək”, - deyə maliyyə direktoru qeyd edib.

O əlavə edib ki, bank 2020-ci ildə zərərə baxmayaraq, 2021-ci ili mənfəətlə başa vurmağı planlaşdırır.

“Bank 2021-ci ili mənfəətlə başa vurmağı planlaşdırır və biz xərclərin gəlirlərə nisbətinin effektiv strukturu üzərində işləməyə davam edəcəyik. Ötən il zərər iki amillə bağlı olub. Birincisi, pandemiya ilə əlaqədar gəlirlər azalsa da, əməliyyat xərclərində azalma olmamışdı. İkinci səbəb isə ondan ibarətdir ki, yaradılmış zəruri ehtiyatlar vaxtı keçmiş borcların (karantin tədbirlərinin gücləndirilməsindən irəli gələn) qaytarılmasını üstələyib. Əlavə etmək istəyirəm ki, yaratdığımız ehtiyatların gələcəkdə geri qayıtması bankın maliyyə nəticələrinə müsbət təsir göstərəcək”, - deyə Duşdurov qeyd edib.