Ani Ödənişlər Sistemində “QR kod”la ödəmə funksionallığı istifadəyə verilib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb
Məlumata görə, AÖS-ün platformasında istifadə olunan “QR kod” həlli innovativ nağdsız ödəniş üsuludur. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” effektiv ödəniş həlli hesab olunur. “QR kod” ödəniş həllindən istifadə sahibkarlar üçün də əlverişli şərait yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən daha səmərəli, operativ istifadə edilməsini mümkün edir. Sistemin “QR kod” ödəniş həllindən istifadə zamanı kart ödənişləri ilə müqayisədə təsərrüfat subyektləri üçün daha əlverişli xidmət haqqı tətbiq olunmaqla nağdsız ödənişlərin qəbulu imkanı yaradılmışdır. Eyni zamanda, AÖS-ə inteqrasiya olunmuş bütün banklar öz mobil tətbiqlərində sözügedən “QR kod” ödəniş həllini tətbiq etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanını əldə etmişlər.
Qeyd edək ki, hazırda AÖS platformasına 18 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC inteqrasiya olunmuşdur. Mərkəzi Bank tərəfindən AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və “QR kod” ödəniş həlli vasitəsilə nağdsız ödənişlərin artırılması istiqamətində tədbirlər davam etdiriləcək.
Müəllif: Aynur Qəniyeva