Azərbaycanın qeyri-neft ixracı 2024-cü ilədək qədər $4 milyarda, ixracın ümumi həcmində payı isə 20%-ə qədər arta bilər. Məlumata görə, "Qazprombank"ın (QPB) analitikləri belə hesab edirlər.
"Azərbaycan ortamüddətli perspektivdə qeyri-neft ixracının inkişaf Strategiyasını reallaşdırmağı planlaşdırır. 2020-ci ilin ikinci yarısında hazır olacaq Strategiya 2024-cü ilədək qeyri-neft ixracının həcminin ən azı $3 milyarda qədər artırılmasını nəzərdə tutacaq. Qiymətləndirmələrimizə görə, ixracın ümumi həcmində qeyri-neft ixracının payı (ilin yekunları üzrə ixracın 20%-ə qədər azalacağı nəzərə alınmaqla) 2024-cü ilə kimi təxminən 15% təşkil edəcək", - deyə QPB-nin hesabatında bildirilir.
QPB Azərbaycanın qeyri-neft ixracının 2024-cü ilə qədər $3 milyardlıq səviyyəyə çatmasını qeyri-neft ixracının 15%-dən çox olmayan illik artım tempini tələb edən baza ssenarisi kimi nəzərdən keçirir.
"Biz, həmçinin qeyri-neft ixracının $1 milyard səviyyəsində artımının asanlıqla əldə edilə bilən rəqəm olduğunu, Azərbaycanın yüksək ixrac potensialını, eləcə də dəstəkləyici tədbirlər sayəsində ötən il 36,3% səviyyəsində rekord artımı (qeyri-neft ixracında $3 milyardlıq hədəf səviyyəsinə çatmaq üçün zəruri orta illik artımdan 2,6 dəfə çox) nəzərə alaraq ölkənin qeyri-neft ixracının artımı üzrə alternativ ssenarini də qiymətləndirdik", - deyə analitiklər hesab edirlər.
Onların qiymətləndirmələrinə görə, əgər 2021-ci ildə qeyri-neft ixracının artım tempi böhrandan əvvəlki 2019-cu il səviyyəsinə qayıtsa və təxminən 35% (sonrakı düzəlişlə 15%-dək) təşkil edərsə, 2024-cü ilə qədər qeyri-neft ixracı $4 milyarda, ümumi ixrac həcmində payı isə 20%-ə yaxınlaşa bilər.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan $1 milyard 35 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,6% azdır.
2019-cu ildə Azərbaycanın qeyri-neft ixracı $1 milyard 954 milyon təşkil edib.
(c)İnterfaks Azərbaycan