BANK

01 Sentyabr

Asiya İnkişaf Bankı Azərbaycana 150 mln dollar ayırmağı planlaşdırır

siya İnkişaf Bankı (AİB) dəmir yollarının modernləşdirilməsi üçün Azərbaycana $150 milyon məbləğində kredit ayırmağı planlaşdırır. Bu barədə bankdan məlumat verilib.

"AİB Azərbaycanın dəmir yollarının inkişafı üzrə layihələri maliyyələşdirməkdə davam edəcək. Bu məqsədlə bank $150 milyon ayırmağı planlaşdırır, $20 milyon isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq. $75 milyon məbləğində ilk kredit tranşının 2023-cü ildə ayrılması planlaşdırılır", - deyə bankdan qeyd ediblər.

Kredit vəsaitləri Bakı-Astara (İran sərhədi) dəmir yolunun modernləşdirilməsinə yönəldiləcək. "Bu dəmir yolunun modernləşdirilməsi Azərbaycan rəhbərliyinin reallaşdırılmasına xüsusi önəm verdiyi Şimal-Cənub layihəsinin bir hissəsi olacaq", - deyə məlumatda vurğulanır.

AİB 2017-ci ilin dekabr ayında dəmir yolu sisteminin inkişafı üçün Azərbaycana $400 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit vəsaiti hesabına "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə sisteminin gücləndirilməsi, cəmiyyətin maliyyə səmərəliliyinin artırılması, ADY-nin yeni korporativ strukturunun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bundan başqa, Bakıdan Rusiya ilə sərhədə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə AİB respublikaya $5 milyarddan çox kredit ayırıb.