BANK

26 Avqust

Azərbaycanın nağdsız valyuta bazarında əməliyyatların həcmi 5% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın valyuta bazarında əməliyyatların həcminin artması müşahidə edilib. Yarım il ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,7% artaraq 12,7 mlrd. ABŞ dolları ekvivalentində olub.

 Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb

“Nağdsız valyuta əməliyyatlarının 86,5%-i ABŞ dollarında, 13,5%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 38,3%-i banklararası valyuta bazarında (BVB), 61,7%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. Dövr ərzində BVB-də əməliyyatların 99,3%-i ABŞ dollarında, 0,6%-i avroda, 0,1%-i isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 7,8 mlrd. dollar ekvivalentində olub ki, bunun da 78,5%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92,6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb”, - AMB-nin məlumatında deyilir.

Məlumata əsasən, banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 16,4% artaraq hesabat dövründə 3,2 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 2,9 mlrd. dollarını və ya 92,2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

Məlumatda qeyd olunur ki, 2020-ci ilin I yarısında da manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq hökumətin və Mərkəzi Bankın birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunub.