Ötən ay bağlanan NBC banka bu ilin yanvarından əmanət yerləşdirən müştərilər əmanətlərinin geri alınması ilə bağlı yaşadıqları problemin həll olunmamasından şikayətçidirlər.
Bu barədə şikayət məktubu ünvanlayan bank müştəriləri bildirirlər ki, 2020-ci il yanvarın 27-dən etibarən Mərkəzi Bank NBC Banka əmanət qəbul etməyi qadağan etməsinə baxmayaraq, bank müştərilərinə bu barədə məlumat verməyib və 100-ə yaxın şəxsdən əmanətləri qəbul edərək müqavilə bağlayıb:
“Bununla əlaqədar yanvar ayından qoyulan əmanətlər sığortalı hesab edilmədiyi üçün onlar Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortasız sayılıb və bloklanıb. Hazırda əlimizdə müqavilə ola-ola əmanətlərimizi ala bilmirik. müqaviləmizdə də əmanətlərimizin sığortalandığı açıq-aydın qeyd edilib”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Əmanətlərin Sığortalanması Fondunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fuad Hüseynəliyev deyib ki, bu məsələ hüquqi çərçivədə həll olunacaq:
“Bu problemin həlli istiqamətində işlər görülür. Problem vətəndaşların hüquqlarını qorumaq şərti ilə qanunvericilik normalarına uyğun həll olunacaq”.
(c)Axar