BANK

23 İyun

Azərbaycandan Dünya Bankına maliyyə sektorunun III qiymətləndirilməsini aparmaq təklifi

Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankına (DB) ölkənin maliyyə sektorunun üçüncü qiymətləndirilməsini (FSAP) həyata keçirməyi təklif edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

"Maliyyə sektorunun III qiymətləndirilməsinin aparılması ilə bağlı rəsmi müraciət artıq edilib. Hazırda onun detalları ilə bağlı müzakirələr aparılır", - deyə hökumətdən qeyd ediblər.

Bununla yanaşı, hökumətdən vurğulayıblar ki, sonuncu qiymətləndirmədən beş il ötüb və Azərbaycanın maliyyə sektorunda əhəmiyyətli dəyişikliklər baş verib.

DB-nin Bakı nümayəndəliyindən  belə müraciətin alındığını təsdiq ediblər.

DB-dən bildiriblər ki, ölkə hökuməti banka Azərbaycan iqtisadiyyatının 2021-2025-ci illər üçün nəzərdə tutulmuş Milli İnkişaf Strategiyasının hazırlanmasında iştirak etməyi də təklif edib "Hazırda DB-nin bu prosesdə rolu müzakirə olunur", - deyə bankdan əlavə ediblər.

BVF və DB 2003-cü ildə Azərbaycanın maliyyə sektorunun birinci qiymətləndirilməsini həyata keçiriblər. Ölkənin maliyyə sektorunun ikinci qiymətləndirilməsi 2015-ci ildə aparılıb

(c)İnterfaks-Azərbaycan