Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 2-ci hissəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2019-cu il ərzində ölkə iqtisadiyyatının nağd pula tələbatı tam həcmdə, adekvat strukturda və vaxtında ödənilib.
Hesabat dövründə Mərkəzi Banka dövriyyədən 7,7 milyard manat və ya 423 milyon ədəd pul nişanı mədaxil olunub, 9,7 milyard manat və ya 507 milyon pul nişanı isə məxaric edilib. Ümumilikdə, ilin əvvəlindən tədavüldə nağd pul kütləsi 24,4 faiz (2 milyard manat və ya 83,7 milyon ədəd) artaraq hesabat dövrünün sonuna 10,4 milyard manat təşkil edib.
Mərkəzi Bank tərəfindən 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın və Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik və Dövlət Neft Fondunun yaradılmasının 20 illik yubileylərinə həsr olunmuş 1200 ədəd yubiley pul nişanları tədavülə buraxılıb. Dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin artırılması məqsədilə elan olunmuş “tədavüldə təmiz pul siyasəti” davam etdirilib, dövr ərzində tədavüldən mədaxil edilmiş 7,7 milyard manat məbləğində pul nişanları avtomatlaşdırılmış sistemlərdə emal olunaraq təkrar tədavülə buraxılıb, 1,3 milyard manat yararsız pul nişanlarının isə tədavüldən çıxarılması təmin edilib. Eləcə də Mərkəzi Bankda yaradılmış xidmət kassaları vasitəsilə əhalidən 10,5 milyon manat məbləğində pul nişanları dəyişdirilib.
2019-cu il ərzində bütün nominallar üzrə 890 ədəd saxta pul nişanı Mərkəzi Bank tərəfindən aşkarlanaraq tədavüldən çıxarılıb və hüquq mühafizə orqanlarına təqdim edilib ki, bu da 2018-ci illə müqayisədə 21 faiz azdır. Ümumilikdə, ölkə üzrə tədavüldə hər 276 min ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Gürcüstan üzrə hər 17 min ədədə, Rusiya üzrə hər 150 min ədədə, Avrozonada isə hər 30 min ədədə 1 ədəd). Saxtakarlığa qarşı mübarizə çərçivəsində kommersiya bankları, nağd pul xidmətləri göstərən ixtisaslaşmış təşkilatlar və hüquq-mühafizə orqanları ilə koordinasiya olunmuş fəaliyyət davam etdirilib, saxta pullarla bağlı maarifləndirmə tədbirləri çərçivəsində il ərzində kommersiya banklarının 400 əməkdaşına seminarlar keçirilib.
Ümumilikdə, il ərzində Mərkəzi Bank tərəfindən modern nağd pul idarəetməsinin tətbiqi, milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, təkmil nəzarət mexanizmləri, risklərin şaxələndirilməsi, tədavüldə yüksək keyfiyyətli pul nişanları kimi prioritetlər diqqət mərkəzində saxlanılıb