Google şirkəti fiziki və virtual variantda olacaq fərdi debet kartı üzərində çalışır. Bu barədə Techcrunch saytı xəbər verib. Verilmiş məlumata əsasən Google Card debet kartı istifadəçinin Google hesabına bağlı olacaq və beləliklə istifadəçi ödənişləri kart və ya smartfonla reallaşdıra biləcək. Bunun üçün olacaq xüsusi tətbiqdə istifadəçi xərclərini izləyə, balansını yoxlaya, istifadəçi hesabını bloklaya, balansını artıra və pul köçürməsini reallaşdıra biləcək. Google şirkətinin debet kartı Citi və Stanford Federal Credit Union da daxil olmaqla bank partnyorları ilə olan birgə brend altında istifadəyə veriləcək. Bununla yanaşı sözügedən debet kart üçün nəzərdə tutulacaq xüsusi tətbiqin bəzi fotoları da təqdim olunub.
Fotolardan da görmək olar ki, kart Visa-nın ödəniş sistemi əsasında çalışacaq. Digər bir anonim mənbə təsdiqləyib ki, Google şirkəti həqiqətən də ödəniş kartı üzərində çalışır. Bundan əlavə olaraq o qeyd edib ki, Google şirkəti ümid edir ki, fərdi debet kartı Google Pay sisteminin əsasını təşkil edəcək və Apple Pay, Apple Card ilə rəqabət aparacaq. Konfidensiallıq üzrə öz qərarından asılı olaraq Google şirkəti tranzaksiyalar barəsində məlumatları reklam kampaniyaları və targetinq üçün istifadə edə bilər. Gələcəkdə şirkət həmçinin bank, broker, mühasibat uçotu, sığortalaşdırma və kreditləşdirmə xidmətlərini də təqdim edə bilər.