BANK

05 Mart

Azərbaycanın valyuta ehtiyatları iqtisadi və siyasi müstəqilliyin təminatıdır

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, strateji əhəmiyyətə malik layihələrin reallaşdırılması respublikada iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Bütün bunlar, eyni zamanda, yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsinə, valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərib. Bu, statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, son 16 ildə Azərbaycanda iqtisadiyyat 3,4 dəfə, xarici ticarət 6,4 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 4,8 faizə düşüb. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara çatıb. Valyuta ehtiyatları 52 milyard dollar həddinə yüksəlib. 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yuxarıda vurğulanan göstəricilərlə bağlı deyib: “Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artıb. Bu, deyə bilərəm ki, son illər ərzində rekord göstəricidir. Baxmayaraq ki, büdcəmiz rekord həddə çatmışdır, biz yenə də valyuta ehtiyatlarımızı artırmışıq. Bu, daim belə olubdur. Hətta bizim üçün ən ağır, böhranlı illərdə, - o vaxt ki, dünya bazarlarında neftin qiyməti dörd dəfə düşmüşdü, - yenə də biz valyuta ehtiyatlarımızı artırmışdıq. Ancaq keçən il 6,4 milyard dollar həcmində artım, əlbəttə ki, düşünülmüş siyasəti əks etdirir. Biz vəsaitimizə qənaət edirik. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə dövlət investisiyaları qoyuruq. Eyni zamanda, valyuta ehtiyatlarımızın idarə edilməsindən də daha böyük vəsait əldə edirik. Burada bir çox amillər özünü göstərir. Çünki bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir, həm siyasi müstəvidə, həm iqtisadi sahədə, biznesin inkişafı baxımından”.

Yeri gəlmişkən, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təminatı olan valyuta ehtiyatlarının getdikcə artması iqtisadi islahatların daim diqqət mərkəzində saxlanılmasının məntiqi nəticəsidir. Xatırladaq ki, 2004-cü ildə birinci regional Dövlət Proqramı hazırlanıb qəbul edilən zaman respublikamızın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Azərbaycan, hətta ən çətin illərdə, dünyada maliyyə böhranı hökm sürdüyü dövrdə – 2015- ci, 2016-cı, 2017-ci illərdə belə valyuta ehtiyatlarını qoruya və artıra bildi. Təkcə 2019-cu ildə ölkəmizin valyuta ehtiyatları 6,4 milyard dollar, cari ilin yanvarında isə 1 milyard dollar artdı. Hazırda Azərbaycanın valyuta ehtiyatları 52 milyard dollara çatıb. Bu, ölkənin iqtisadi müstəqilliyinin və böyük dərəcədə siyasi müstəqilliyinin təminatıdır.

Göründüyü kimi, 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatlarımız hazırda 52 milyard dollar civarındadır. Bu isə ötən müddətdə valyuta ehtiyatlarının 27 dəfə artması deməkdir. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarına görə, MDB məkanında birinci yerdədir.

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə martın 1-nə 6 milyard 400,9 milyon ABŞ dolları olub. Xatırladaq ki, bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 60,1 milyon dollar çoxdur.

Burada bir müqayisə də aparmaq yerinə düşərdi. Belə ki, qeyd etdiyimiz kimi, Azərbaycanın valyuta ehtiyatları hazırda 52 milyard dollar, Ermənistanın isə 2 milyard dollardır, fərq 25 dəfədir. Ölkəmizin valyuta ehtiyatları xarici dövlət borcundan 6,4 dəfə, Ermənistanın xarici dövlət borcu isə valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollara bərabərdir.

Valyuta ehtiyatlarının güclənməsi islahatların uğurla aparılmasını da şərtləndirir. Keçən il ölkədə 192 min yeni iş yeri açılması bunun bariz ifadəsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin iş yerlərinin 27 faizi qeyri-dövlət sektorunda olub. Yeni iş yerlərinin 55,5 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 42,8 faizi digər regionların, o cümlədən 16,3 faizi Aran, 6,9 faizi Gəncə-Qazax, 5,9 faizi Lənkəran, 3,6 faizi Abşeron, 3,3 faizi Şəki-Zaqatala, 2,4 faizi Dağlıq Şirvan, 2,2 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Azərbaycanın valyuta ehtiyatlarının artmasına yeni yaradılan sənaye zonaları da mühüm təsir göstərib. İndiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox iş yeri yaradılıb. Ötən il həmin zonalarda istehsalın ümumi həcmi 2,6 dəfə artıb. Üstəlik, bu məhsullar yüksək keyfiyyətli olduğu üçün dünya bazarına da ixrac edilib. Yaxın gələcəkdə isə verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşdırılması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, eləcə də 28 minədək yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Qeyd edək ki, ölkənin hərtərəfli inkişafını nəzərdə tutan siyasətə uyğun olaraq bu layihələrin 87 faizi regionlarda icra olunacaq.

Dövlət sahibkarlığı inkişaf etdirmək məqsədilə kapital qoyuluşunda birbaşa iştirak edir. İndiyədək sahibkarlara 2 milyard, o cümlədən ötən il 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun nəticəsində təkcə keçən il regionlarda fərdi sahibkarlıqla məşğul olanların sayı 12 mindən çox olub.

Prezidentin tövsiyəsi ilə kənd təsərrüfatı sektoruna kapital qoyuluşu da artıb. Bu hesaba indi regionlarda aqroparklar və iri fermer təsərrüfatları yaradılır. 33 rayonda 51 aqropark və iri fermer təsərrüfatının yaradılmasının planlaşdırılması da bunu təsdiqləyir. Keçən il isə 16 aqropark və iri fermer təsərrüfatında görülən işlər başa çatıb, məhsul istehsalına başlanılıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox vəsait yönəldilib. Bu artım daha çox neft-qaz sektoruna yatırılan investisiyaların 28,8 faiz artması ilə bağlıdır. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi də artıb. Ümumi sərmayənin 703,7 milyon manatı məhsul istehsalı, 174,3 milyon manatı xidmət sahələrinin, 118,7 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Ölkədə sahibkarlığın inkişafı sərmayə qoyuluşunda özünü açıq şəkildə büruzə verir. Belə ki, həmin dövrdə yatırılan sərmayənin 73,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri isə ümumi sərmayənin 61,1 faizini təşkil edib.

Yanvar ayında əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 734,2 milyon, bank kreditləri 11,8 milyon, büdcə vəsaitləri 141,3 milyon, büdcədənkənar fondların vəsaitləri 33,8 milyon, əhalinin şəxsi vəsaitləri 67,4 milyon, digər vəsaitlər isə 8,2 milyon manat təşkil edib.

Cari ilin ilk ayında həmçinin xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala vəsait yönəldilib - 387,6 milyon manat. Bu vəsaitin 371,4 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, Norveç, İsveçrə, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub