21 fevral tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları” və “Komplayns” Ekspert Qruplarından ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə birgə görüşü keçirilmişdir.
Görüşün əsas müzakirə mövzusu məsafədən bank hesablarının açılması zamanı Foreign Account Tax Compliance Act (FATCA) və Common Reporting Standard (CRS) hesabatlığının qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq elektron formada təqdim edilməsi olmuşdur. Belə ki, 10 iyun 2019-cu il tarixində “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi ilə məsafədən bank hesablarının açılması proseduru müəyyən edilsədə FATCA və CRS hesabatlığının kağız daşıyıcılar əsasında tərtib edilməsi bu sahədə rəqəmsallaşmanın tətbiqini məhdudlaşdıran əsas amil olaraq qalmışdır.
Məlum olduğu kimi, məsafədən bank hesablarının açılması təcrübəsinin tətbiqi ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi, həmçinin ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi və elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi kimi bir sıra prioritet hədəflərin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
FATCA və CRS hesabatlığının elektron formada təqdim edilməsinin üstünlüyünü açıqlayan ekspert qrupunun üzvləri tətbiq olunacaq həll yolları və birgə atılacaq növbəti addımları müzakirə edərək bu sahədə rəqəmsal mühitə keçidin zəruri olduğuna qeyd etdilər.
Cari ilin yuxarıda qeyd edilən hər iki strateji sənədin icrası baxımından həlledici olduğunu nəzərə alsaq məsafədən bank hesablarının açılması təcrübəsinin uğurlu tətbiqi mühüm əhəmiyyət kəsb edir.