Rusiyanın “Bank VTB” PSC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) indiyədək 3,17 mlrd. rubl (57,3 mln. ABŞ dolları) dividend gəliri ödənilib.
Bu barədə Neft Fondundan bildirilib.
“Bildiyiniz kimi, ARDNF “Bank VTB”də 2,95%-lik adi səhm payına malikdir. ARDNF-in bankda səhm payını əldə etdiyi 2013-cü ildən bəri bank tərəfindən hər il dividend ödənişləri həyata keçirilib. 2019-cu ildə Fonda bank tərəfindən 377,6 mln. rubl (6 mln. dollar) məbləğində dividend gəliri ödənilib. Bununla da, “Bank VTB”yə edilən ilkin investisiya tarixindən (2013-cü il – red.) 2019-cu il də daxil olmaqla ARDNF-ə ödənilmiş toplam dividend gəliri 3,17 mlrd. rubl (57,3 mln. dollar) təşkil edib.
Bank tərəfindən 2020-ci və növbəti illərdə xalis mənfəətin ən azı 50%-nin dividend ödənişlərinə yönəldiləcəyi nəzərdə tutulur. Bankın Strateji İnkişaf Planına əsasən xalis mənfəətin 2022-ci ilədək 300 mlrd. rubla çatacağı gözlənilir”, - deyə qeyd olunub.
Növbəti dividend ödənişinin səhmdarların adətən may-iyun aylarına təsadüf edən yığıncağından bir neçə həftə sonra ödənilməsi gözlənilir.
“Dividend ödənilməsi haqqında qərar “Bank VTB”nin səhmdarlarının ümumi yığıncağında səhmdarlar tərəfindən verilir. Yığıncaq adətən may-iyun aylarına təsadüf edir, qərar verildikdən sonra bir neçə həftə ərzində dividend ödənişi həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.
Fonddan həmçinin bildirib ki, “Bank VTB”dakı səhm payı ARDNF-in strateji investisiyasıdır, səhmlərlə bağlı hər hansı yenilik yoxdur.