BANK

09 Fevral

Azərbaycanda əmanətlərin gəlirliliyi azalıb

Cari il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında manatla yerləşdirilən depozitlər üzrə orta faiz dərəcəsi 9,27%, xarici valyuta üzrə isə 1,84% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumatda bildirilir ki, gəlirlilikdə aylıq müqayisədə müvafiq olaraq 0,04% bəndi və 0,09% bəndi azalma qeydə alınıb.

Bildirək ki, bu müddətdə fiziki şəxslərin manatla yerləşdirilən əmanətləri üzrə orta faiz dərəcəsi də 9,76%-dən 9,68%-ə, xarici valyuta ilə yerləşdirilən əmanətlərin orta faiz dərəcəsi isə 2,45%-dən 2,40%-ə enib.

 

Qeyd edək ki, 2019-cu il yanvarın 1-nə manatla depozitlər üzrə orta faiz dərəcəsi 9,58%, xarici valyuta üzrə 2,33%, o cümlədən fiziki şəxslərin əmanətlərində müvafiq olaraq 10,01% və 2,66% təşkil edib.

Xatırladaq ki, 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15%-dən 10%-ə, xarici valyutada isə 3%-dən 2,5% müəyyən edilib.  

Həmçinin bildirək ki, gələn ay (4 mart 2020-ci il) əmanətlərin tam sığortalanması müddəti bitir.