BANK

27 Dekabr

Bu il bankların kapital dayanıqlığı artıb

Başa vurmaqda olduğumuz ildə Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət maliyyə-bank sektorunda vəziyyətin yaxşılaşmasına səbəb olub. Bu il bankların kapital dayanıqlığı artıb, rəqəmsallaşma güclənmiş və prudensial idarəetməyə keçid təmin edilib. Ancaq bununla birlikdə bütün müsbət trendlər bank sektorunun real iqtisadiyyatı daha geniş miqyasda maliyyələşdirmək istiqamətindəki gözləntiləri də gücləndirir.

Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Digər tərəfdən bankların balans kapitalı, əməliyyat mənfəəti və digər mənfəətlilik göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub. Bankların kredit qoyuluşu 11 faiz artıb. Bu il bank filial, şöbələrinin, nümayəndəlik, xidmət vasitələrinin sayı (məsələn, ATM), həmçinin sektorda işçi sayının əsaslı dərəcədə artdığının şahidi olduq. Belə ki, sektorda işçi sayı təkcə il ərzində 10 faizlik rekord artım nümayiş etdirib.

Geniş spektrdə aparılan sanasiya tədbirləri, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bank sistemində riskəsaslı idarəetmə konsepsiyasının təşviq edilməsi nəticəsində il ərzində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi rekord həcmdə – 2,6 faiz azalıb və beləliklə, kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib. Əlbəttə ki, burada cənab Prezidentin 28 fevral 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman”ın rolunu xüsusilə qeyd etməliyik. 800 mindən çox insanı əhatə edən bu Fərman özünün müstəsna sosial mahiyyəti ilə birgə bank sektoru üçün sözün əsil mənasında tamamilə yeni bir səhifə açdı və bank sektorunun gələcək inkişafı üçün də möhkəm zəminlər yaradıb.

Bu ilin ilk 10 ayında banklarda yerləşdirilib depozitlərin həcmi 23 milyard 413 milyon manata çatıb ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir,  fiziki şəxslərin əmanətlərinin həcmi isə son illər üzrə ən yüksək göstəriciyə – 8 milyard 811 milyon manata çatmaqla 5 faizlik artım nümayiş etdirib. Depozitlərin keyfiyyət göstəriciləri üzrə də tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunmaqda olan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 37%-ə çatıb ki, bu da 2015-ci ildən sonra müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlılığına olan etimadın artmasının ən yaxşı nümunəsi hesab edilə bilər.

Cari il bank sisteminin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından da faydalı oldu. Ölkədə ilk dəfə olaraq, valyuta əməliyyatlarının aparılmasında xüsusi rejiminin yaradılması barədə qərar verildi. Belə ki, 2019-cu il 15 mart tarixində edilmiş dəyişikliyə əsasən, Ələt azad iqtisadi zonasında valyuta əməliyyatlarının ayrıca qanunla – “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənməsi qəbul edildi. “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna 2019-cu il 19 fevral tarixində dəyişiklik edilərək əmanətlərin tam sığortalanması mexanizmi daha 1 il müddətinə uzadıldı. Əlavə olaraq, 2019-cu ildə bank sektorunun fəaliyyətini tənzimləyəcək bir sıra normativ-hüquqi aktlar qəbul edilməklə bank sektorunun instutisional bazası möhkəmləndirilib ki, bunlardan da “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”, “Banklarda korporativ idarəetmə Standartları” kimi qanunvericilik aktlarını xüsusilə qeyd edə bilərik. Eyni zamanda, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” qəbul olunmaqla rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər banka getmədən bank hesablarının məsafədən açılması imkanı əldə etdilər. Azərbaycan Estoniyadan sonra dünyada elektron rezident formalaşdıran 2-ci ölkədir və qəbul olunub qaydalar və icra edilmiş tədbirlər qeyri-rezidentlərin ölkəyə gəlmədən burada biznes fəaliyyəti həyata keçirmələrinə imkan yaradıb.

“Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamı isə bu sahədə yeni bir mərhələnin başlanğıcını qoydu. Sektorda daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanıb, effektiv tənzimləmə, şəffaf korporativ idarəetmə və güclü infrastruktur elementləri ilə əhatə olunub, nağdsız ödənişləri geniş təşviq edən, real sektoru maliyyələşdirən və yüksək inkişaf potensialına malik maliyyə-bank sistemi formalaşdırmaq əsas gözləntilərdəndir.