BANK

19 Dekabr

“VTB Bank” 2023-cü ilədək xarici valyutada əmanətlərin xüsusi çəkisini 43%-dən 19%-dək azaltmağı planlaşdırır

VTB Bank (Azerbaijan)” ASC 2020-2022-ci illər üçün strategiya çərçivəsində bank məhsullarının rəqəmsal satış kanallarını genişləndirməyi planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin sədri Yevgeniy Kirin məlumat verib.

“Bankın 2020-2022-ci illər üçün nəzərdə tutulmuş yeni strategiyası çərçivəsində biz bir neçə əsas hədəfi qabaqlamışıq. Biznes-modelimizin tarazlığını artırmaq bizim üçün vacibdir. Bundan əlavə, qarşımıza qoyduğumuz strategiya və planları müstəqil şəkildə maliyyələşdirə bilmək üçün bankın fondlaşdırılması üzərində işləməyə davam edəcəyik", - deyə o, bu gün mətbuat konfransında bildirib.

Xüsusilə “VTB Bank (Azerbaijan)” 2023-cü ilədək xarici valyutada əmanətlərin xüsusi çəkisini 43%-dən 19%-dək azaltmağı planlaşdırır.

Y.Kirin əlavə edib ki, əsas məqsədlərdən biri rəqəmsal xidmətlər kanalının genişləndirilməsi və fiziki şəxslər üçün rəqəmsal xidmətlərin payının 100%-ə çatdırılmasıdır.

“Biz fiziki və hüquqi şəxslər üçün məhsullarımızı maksimum məsafədən əlçatan etməyi nəzərdə tuturuq. 2022-ci ildə fiziki şəxslər üçün rəqəmsal kanallarla satışların 100%, hüquqi şəxslər üçün isə 85% təşkil etməsini hədəfləmişik”, - deyə sədr qeyd edib.

Bununla yanaşı, onun sözlərinə görə, “VTB Bank (Azerbaijan)” klassik formatda bank xidmətləri göstərməkdən tamamilə imtina etməyi planlaşdırmır və rəqəmsal bankçılığın genişlənməsi ölkədə bank filiallarının bağlanmasına səbəb olmayacaq.

"Biz müştərilərimizə həm rəqəmsal, həm də klassik formatda xidmətlərdən yararlanmaq imkanı verəcəyik. Bundan başqa, hazırda rəqəmsal formatda göstərilməsi mümkün olmayan bank xidmətləri (hesab açmaq və depozit yerləşdirmək) mövcuddur. Ancaq tənzimləyici artıq bunun üzərində işləyir", - deyə Y.Kirin vurğulayıb.

O deyib ki, transsərhəd biznesin inkişafı bankın yeni strategiyasının digər vacib hissəsidir.

"2022-ci ildə Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsinə bankın xidmət payını ümumi ticarət dövriyyəsinin 15%-dək artırmaq niyyətindəyik (hazırda bu göstərici 5% təşkil edir - İF). Hesab edirik ki, bu vəzifə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək. Transsərhəd xidməti yalnız şirkətlər arasındakı hesablaşmalarla məhdudlaşmır, Azərbaycan və Rusiya vətəndaşları arasında hesablaşmaları daha rahat və sərfəli etməyimiz çox vacibdir. Buna görə də fiziki şəxslər arasında pul köçürmələri prosesini maksimum dərəcədə rəqəmsallaşdırmağı qarşıya məqsəd qoymuşuq”, – deyə İdarə Heyətinin sədri bildirib.

2018-ci ilin yekunları üzrə Rusiyadan Azərbaycana pul köçürmələrinin təxminən $750 milyon təşkil etdiyini deyən Y.Kirin bu göstəricinin daim yüksək səviyyədə olacağına ümid etdiyini söyləyib.

2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.