AVTO

20 Fevral

Toyota RAV4 PHEV-in elektrik yürüşünü 58% artıraraq 150 km-ə çatdırıb

Finss.az- Toyota yeni Toyota RAV4 PHEV modelini təqdim edib.

Şirkət bildirib ki, yenilənmiş model əvvəlki versiya ilə müqayisədə 58% daha çox – 150 km elektrik yürüş ehtiyatı təklif edir. Qeyd olunur ki, əvvəlki nəsildə bu göstərici 95 km səviyyəsində idi. Yeni nəsil PHEV sistemi daha böyük tutumlu batareya və SiC yarımkeçiricilərlə təchiz olunub.

Açıqlamaya əsasən, avtomobilin maksimal gücü 242 kVt (329 at gücü) təşkil edir. Model, həmçinin 100V-luq xarici elektrik çıxışı vasitəsilə 1 500 Vt-a qədər enerji ötürə bilir. Toyota-nın məlumatına görə, “Power Supply Time Priority Mode” aktiv olduqda, 400 Vt yük altında təxminən 1 həftə elektrik təmin etmək mümkündür.

Şirkət yenilənmiş ön və arxa bamperlər, aşağı asqı və xüsusi amortizatorlarla təchiz olunan GR Sport versiyasını da təqdim edib. Bu versiya daha idman üslublu dizayn və təkmilləşdirilmiş idarəetmə xüsusiyyətləri ilə seçilir.

Yeni RAV4 PHEV-in qiyməti Yaponiyada 6 milyon yen (təxminən 38 700 ABŞ dolları) səviyyəsindən başlayır. GR Sport versiyasının qiyməti isə 6,3 milyon yen (40 700 ABŞ dolları) təşkil edir.

Modelin Yaponiyada satışına 9 mart 2026-cı il tarixində start veriləcəyi açıqlanıb. Daha sonra avtomobilin Avropa və ABŞ bazarlarına çıxarılması planlaşdırılır.

Qeyd edək ki, Toyota RAV4 2025-ci ildə də Toyota-nın ən çox satılan modeli olub və qlobal satışlarda Tesla Model Y modelini geridə qoyub.