Finss.az - ABŞ-ın avtomobil nəhəngi Ford Motor 2025-ci ilin dördüncü rübündə 11,1 milyard dollar xalis zərər açıqlayıb.
Şirkət tarixində ən böyük rüblük zərər elektromobil bölməsi Model e üzrə 19,5 milyard dollarlıq silinmələr və 900 milyon dollarlıq idxal rüsumları ilə əlaqələndirilir.
Buna baxmayaraq, şirkətin rüblük gəliri 45,9 milyard dollar təşkil edib və bu, bazar gözləntilərini üstələyib. İllik nəticələrə görə isə Ford 8,2 milyard dollar zərər açıqlayıb.
Şirkət 2026-cı ildə maliyyə göstəricilərinin yaxşılaşacağını gözləyir və EBIT-in 8–10 milyard dollar aralığında olacağını proqnozlaşdırır. Eyni zamanda, direktorlar şurası hər səhmə görə 0,15 dollar dividend ödənilməsini təsdiqləyib.
Ford səhmləri əlavə ticarətdə 0,7% bahalaşıb. Son 12 ayda şirkətin bazar dəyəri təxminən 1,5 dəfə artaraq 54,15 milyard dollara çatıb.
