AVTO

04 Fevral

Rusiyada Lada avtomobillərinin satışları yanvarda 29%-ə yaxın azalıb

Finss.az - Rusiyada Lada markalı minik avtomobillərinin satışları 2026-cı ilin yanvar ayında illik müqayisədə 28,7% azalaraq 19,6 min ədəd təşkil edib.

Məlumat “Avtostat” analitik agentliyinin hesablamalarına əsaslanır.

Buna baxmayaraq, Lada satış sayına görə bazarda lider mövqeyini qoruyur. Markanın minik avtomobili bazarındakı payı 24,4% olub, lakin bu göstərici bir il əvvələ nisbətən 6,5 faiz bəndi azalıb.

Yanvar ayında ən çox satılan model Lada Granta olub — satış həcmi 7,6 min ədədə yaxınlaşıb. Bu model üzrə illik azalma 33,5% təşkil edib. İkinci əsas model qrupunda yer alan Lada Vesta satışları isə daha kəskin — 62% azalıb və 3 min ədəd səviyyəsində qalıb.

Niva seriyasına daxil olan modellər daha sabit dinamika göstərib. Lada Niva Travel satışları cəmi 3% azaldığı halda, Niva Legend üzrə azalma 14% olub.

“AvtoVAZ” 2026-cı ildə ümumilikdə 400 min avtomobil istehsal etməyi planlaşdırır. Bunun 370 mininin daxili bazarda satılması, 30 mininin isə ixrac edilməsi nəzərdə tutulur. Şirkət rəhbərliyi bildirir ki, yekun nəticələr bazardakı tələbat və makroiqtisadi şəraitdən asılı olacaq.