Finss.az - Alman avtomobil istehsalçısı Opel, satışlarda geriləmə müşahidə olunan Astra modelinin 2026-cı il yenilənmiş versiyasını təqdim edib.
Altıncı nəsil (L kod) Astra, hetçbek və universal kuzovlarla 2021-ci ildə, Astra Electric isə 2022-ci ildə ailəyə qoşulmuşdu. Yenilənmiş eksteryer Vizor radiator barmaqlığı, işıqlandırılan Opel Blitz emblemli ön bamper və 17-18 düymlük yeni təkər diskləri ilə daha müasir görünüş təqdim edir. İnteryerdə erqonomik ReNewKnit Intelli-Seats oturacaqları, çoxmərhələli isitmə, bel dəstəyi, masaj və yaddaş funksiyaları ilə təchiz olunub. Ön paneldə iki 10 düymlük displey cihazlar və media sistemini idarə edir.
Astra Electric versiyası 58 kVt/saat batareya və 454 km gediş imkanına malikdir, ön oxda 156 at qüvvəli mühərrik və V2L xarici enerji dəstəyi mövcuddur. Digər modifikasiyalar 130 at qüvvəli benzin (1,2 l), 1,5 l turbodizel, 145 at qüvvəli mülayim hibrid və 196–225 at qüvvəli plagin hibrid sistemləri əhatə edir. Yenilənmiş Opel Astra ailəsinin debütü 9 yanvar 2026‑cı il Brüssel avtosalonunda baş tutub, Avropa satışları həmin tarixdən sonra başlayacaq.














