Finss.az xəbər verir ki, Rusiyada həm yeni, həm də işlənmiş minik avtomobilləri və yüngül ticari avtomobillər (LCV) bazarının həcmi 2026-cı ildə ötən ilin səviyyəsində qalacaq. Bu barədə Rusiya Avtomobil Dilerləri Assosiasiyası (ROAD) baza ssenarisinə əsaslanan proqnozunu açıqlayıb.
Assosiasiyanın hesablamalarına görə, yeni avtomobillərin satışı 1,4 milyon ədəd, işlənmiş avtomobillərin bazarı isə 7 milyon ədəd səviyyəsində qalacaq.
ROAD prezidenti Aleksey Podşekoldin çərşənbə günü keçirilən mətbuat konfransında bildirib ki, bazarın artımı üçün hazırda real əsaslar yoxdur:
“Düzünü desəm, bazarın qalxacağını söyləmək üçün hələ heç bir əsasımız yoxdur. Eyni zamanda, onun kəskin şəkildə aşağı düşməsi üçün də ciddi səbəblər görünmür. Buna görə də əsas ssenari üzrə bazarın ötən ilin səviyyəsində qalacağını düşünürük. Bu isə o qədər də pis nəticə deyil”.
Bununla yanaşı, assosiasiya pessimist ssenarini də istisna etmir. Həmin ssenariyə əsasən, yeni avtomobillər bazarı 10% azalaraq 1,25 milyon ədədə, işlənmiş avtomobillər bazarı isə 7% azalaraq 6,5 milyon ədədə qədər geriləyə bilər.
Ekspertlərin fikrincə, avtomobil bazarının dinamikası makroiqtisadi vəziyyət, istehlakçı tələbi və maliyyələşmə şərtlərindən birbaşa asılı olaraq formalaşacaq.
