Finss.az - Alfa Romeo Giulia sedanı və Stelvio krossoveri ekstremal Quadrifoglio versiyaları ilə indi Collezione məhdud istehsalı ilə satışa çıxır. Hər bir modeldən yalnız 63 ədəd istehsal olunacaq.
Yeni versiyalar Villa d'Este Rosso rəngindən ilhamlanaraq hazırlanıb: Stelvio açıq qırmızı, Giulia isə tünd qırmızı çalarlara malikdir. Xarici dizaynda güzgü korpusları və dam karbondan hazırlanıb. İnteryerdə Sparco dəri və alkantara oturacaqlar, karbon dekor elementlər və seriya nömrəli başlıqlar yer alır.
Hər iki model 520 at qüvvəli 2,9-litrlik V6 mühərrik və səkkiz pilləli ZF avtomatik transmissiya ilə təchiz olunub. Giulia arxa, Stelvio isə tam ötürməlidir; hər ikisində arxa özükilidlənən differensial var. Sıfırdan 100 km/saat sürətə Giulia 3,9 saniyəyə, Stelvio isə 3,8 saniyəyə çatır. Maksimum sürət müvafiq olaraq 307 km/saat və 285 km/saat təşkil edir. Standart olaraq karbon-keramika əyləc və Akrapovič buraxılış sistemi daxildir.
Collezione seriyası Avropa, Böyük Britaniya, Yaponiya, Çin və Yaxın Şərqdə satışa çıxacaq. Qiymətlər hələ açıqlanmayıb; standart Giulia Quadrifoglio sedanının İtaliyadakı baza qiyməti 102.800 avrodan başlayır.













