AvtoVAZ-ın ilkin həmkarlar ittifaqının sədri Sergey Zaytsev İnterfaks agentliyinə açıqlamasında bildirib ki, 12 yanvar tarixindən etibarən şirkət Yeni il tətillərindən sonra istehsalı bərpa edib və yenidən beş günlük iş həftəsinə keçib.
Finss.az xəbər verir ki, Rusiya avtomobil bazarında tələbatın azalması fonunda AvtoVAZ 29 sentyabr 2025-ci il tarixində azaldılmış dörd günlük iş həftəsinə keçmişdi. Bu iş rejiminin altı aya qədər davam edəcəyi gözlənilirdi.
Lakin 10 dekabr 2025-ci ildə AvtoVAZ prezidenti Maksim Sokolov tərəfindən imzalanan sərəncama əsasən, 1 yanvar 2026-cı il tarixindən etibarən beş günlük iş həftəsinin bərpası qərara alınıb.
Məlumata görə, 2025-ci ildə AvtoVAZ Lada markası üzrə istehsal planını ilkin olaraq nəzərdə tutulan 500 min avtomobildən 300 min ədədə, ±10% dəyişmə ehtimalı ilə azaltmaq məcburiyyətində qalıb.
Bununla yanaşı, AvtoVAZ-ın 2026-cı il üçün istehsal planında 400 min avtomobil istehsalı nəzərdə tutulur. Bu göstərici şirkətin istehsal həcmlərini mərhələli şəkildə artırmaq niyyətindən xəbər verir.
