AVTO

25 Dekabr

AAYDA 2025-ci il yekunlarını açıqlayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2025-ci il ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Agentlikdən Finss.az-a verilən məlumata görə, agentliyin akt zalında baş tutan iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

Saleh Məmmədov Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolundan bəhs edib, ümummilli liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkənin müasir infrastruktur təminatına malik dövlətə çevrilməsi istiqamətində yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verildiyini vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yol infrastrukturu sahəsində mühüm irəliləyişlər əldə edilib. Dövlət başçısının hakimiyyəti dövründə yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB ölkələri arasında 1-cidünyanın 141 ölkəsi arasında isə 24-cü yerdə qərarlaşıb.

Bildirilib ki, 2025-ci il ərzində 110,8 km respublika əhəmiyyətli153,1 km yerli əhəmiyyətli93,8 km Bakı şəhər yolları66 km Gəncə şəhər yolları və 17 km Şəki şəhər yolları olmaqla, ümumilikdə 440,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlar çərçivəsində ümumi uzunluğu 3720,5 km təşkil edən 64 adda avtomobil yolunun tikintisi və 1 hava limanının inşası üzrə layihələr icra edilir.

Agentlik tərəfindən 2020-ci ildən indiyədək ümumi uzunluğu 1 338,4 km olan 17 avtomobil yolunun tikintisi tam, 1 layihənin icrası isə qismən başa çatdırılıb.

Hazırda avtomobil yolları üzərində ümumi uzunluğu 70,9 km olan 47 tunelin, ümumi uzunluğu 9 581,6 pm olan 447 körpünün və 3 871 pm uzunluğunda 16 viadukun tikintisi aparılır.

Ümumi uzunluğu 66,9 km olan 37 tuneldə qazma işləri tamamlanmış, 13,6 km uzunluğunda 7 tunel isə artıq istifadəyə verilmişdir.

Bununla yanaşı, ümumi uzunluğu 8 839,1 pm olan 392 körpünün və 1 965 pm uzunluğunda 9 viadukun tikintisi başa çatdırılıb.

Saleh Məmmədov Agentliyin fəaliyyəti barədə məlumat verərək bildirib ki, 2015–2025-ci illər ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 10 826,9 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.

Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 129 yeni körpü40 yol ötürücüsü, 8 avtomobil tuneli52 yeraltı və yerüstü piyada keçidi tikilmiş, həmçinin 53 körpüdə təmir işləri aparılmışdır.

Kollegiya iclasında ölkə başçısının verdiyi tapşırıqların icrası istiqamətində görülən tədbirlər, cari ildə işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələr, əldə olunan nailiyyətlər, mövcud nöqsan və çatışmazlıqlar, eləcə də onların aradan qaldırılması üçün görülən işlər müzakirə olunub. Eyni zamanda ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun olaraq hazırlanmış konsepsiya əsasında növbəti ildə idarəetmənin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlər diqqətə çatdırılıb.

Sonda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2015–2025-ci illər ərzində həyata keçirilmiş layihələrə dair hesabat filmi nümayiş etdirilib.

Fuad Mədətov
Finss.az