AVTO

15 Dekabr

Phantom 100 yaşında: Rolls-Royce-dan limitli yubiley sedanı

Finss.az - Rolls-Royce Motor Cars əfsanəvi Phantom modelinin 100 illiyi münasibətilə xüsusi Phantom Centenary Private Collection sedanını təqdim edib.

Məlumata görə, yubiley buraxılışı Rolls-Royce mütəxəssislərinin yüksək sənətkarlığını nümayiş etdirir və avtomobilin dekorasiya-tərtibatında material seçiminə heç bir məhdudiyyət tətbiq olunmayıb.

Qeyd olunub ki, model Hollivudun qızıl dövründən ilhamlanan ikirəngli kuzov dizaynı ilə seçilir. Kuzovun rənglənməsində xüsusi lak və şampan çalarlı metal hissəciklərdən istifadə edilib. Müasir “Vəcdin Ruhu” (Spirit of Ecstasy) heykəlciyi Phantom-un ilkin versiyasının replikası ilə əvəzlənib, fiqur 18 karat qızıldan hazırlanaraq 24 karat qızıl suyu ilə örtülüb.

Bildirilib ki, emblem və dekorativ elementlərdə də qızıl və əl işi emaldan istifadə olunub. Xüsusi təkərlərin üzərində isə simvolik olaraq ümumilikdə 100 oyma xətti tətbiq edilib.

Məlumata görə, salonun interyeri xüsusi incəliklə tərtib olunub. Ön oturacaqlar dəri ilə, arxa oturacaqlar isə Phantom modelinin tarixini əks etdirən nəfis parça üzlük ilə işlənib. Oturacaq üzlüklərinin hazırlanmasına 12 aydan çox vaxt və 160 min tikiş sərf edilib.

Ön paneldə 3D printerdə çap edilmiş 50 alüminium lövhədən ibarət Anthology Gallery dekor elementi yerləşdirilib. Salonda üçölçülü ağac inkrustasiyaları, qızıl əlavələr, 24 karat qızıldan hazırlanmış dekorativ sap, eləcə də 440 min ilməli “ulduz tavanı” mövcuddur.

Texniki baxımdan Phantom Centenary Private Collection modeli 6,75 litrlik V12 turbomühərrik ilə təchiz olunub. Bildirilib ki, yubiley versiyasında əsas yeniliklər texniki deyil, estetik və dekorativ xarakter daşıyır.

Rolls-Royce Phantom Centenary Private Collection cəmi 25 ədəd tirajla istehsal ediləcək. Avtomobilin qiyməti açıqlanmayıb.