Finss.az - May ayında "Tesla" şirkətinin Avropadakı satışları ciddi şəkildə azalıb.
Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının yaydığı statistik məlumatlarda bildirilir.
Məlumata görə, Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası və Birləşmiş Krallıq ərazisində Teslanın yeni avtomobil qeydiyyatları ötən ilin eyni dövrü ilə müqayisədə 27,9% azalaraq 13 863 ədəd təşkil edib. Halbuki eyni dövrdə elektromobillərə ümumi maraq artmaqda davam edib.
Belə ki, batareya ilə işləyən elektromobillərin qeydiyyatı illik müqayisədə 27,2% artaraq 193 493 avtomobilə çatıb. Bu isə Tesla üçün mənfi fon yaradıb, çünki şirkət yalnız bu seqmentdə fəaliyyət göstərir.
Ümumilikdə, Avropada may ayında avtomobil bazarı illik müqayisədə 1,9% artaraq 1,1 milyon avtomobil qeydiyyatı ilə yekunlaşıb. Eyni zamanda, benzinlə çalışan avtomobillərin satışı 19,5%, dizellə çalışanların satışı isə 27,6% azalıb.
Analitiklər hesab edir ki, Avropa avtomobil istehsalçılarının yeni elektromobil modellərinin bazara daxil olması və Çin istehsalçısı SAIC Motor kimi şirkətlərin daha sərfəli qiymətlərlə təkliflər verməsi Tesla-nın bazar payına mənfi təsir göstərib. Şirkətin yaşlanmış model çeşidi isə bu rəqabətdə onun mövqeyini zəiflədib.
Bundan əlavə, Tesla-nın baş direktoru İlon Maskın siyasi mövqeləri və ictimai çıxışları şirkətin imicinə zərər vurub. Həm Avropada, həm də ABŞ-da istehlakçılar arasında yaranan boykot çağırışları satışlara mənfi təsir edib. Nəticədə, Tesla-nın Avropadakı satışları 2025-ci ilin əvvəlindən bu yana illik müqayisədə 37,1% azalıb.
Qeyd edək ki, Tesla süni intellekt və avtonom sürücülük texnologiyalarını inkişaf etdirərək bazardakı mövqeyini möhkəmləndirməyə çalışır. Şirkət bu yaxınlarda Texasda robotaksi xidmətini sınaqdan keçirib və müsbət rəy alıb.
Tesla-nın səhmləri 2025-ci ilin əvvəlindən 10% ucuzlaşıb, lakin son vaxtlar müəyyən dərəcədə bərpa müşahidə olunub.