Finss.az - ABŞ-ın Milli Yolların Hərəkət Təhlükəsizliyi İdarəsi (NHTSA) təhlükəsizlik səbəbindən Mazda markalı avtomobillərin kütləvi geri çağırılması ilə bağlı qərar verib.
Qurumun razılığı ilə 171 412 ədəd Mazda avtomobili geri çağırılır. Geri çağırma iki modeli — Mazda3 və CX-30 krossoverini əhatə edir. Bu barədə Car and Driver nəşri məlumat yayıb.
Səbəb avtomobildə aşkarlanan təhlükəli nasazlıqdır. Belə ki, avtomobildəki təhlükəsizlik yastıqları sensoru blokunda (SAS) yaranan nasazlıq qəza zamanı yastıqların açılmamasına səbəb ola bilər.
Geri çağırılan avtomobillərdən:
-
51 857 ədədi Mazda3 sedan və hetçbeklər,
-
119 555 ədədi isə CX-30 krossoverlərdir.
Bu avtomobillər 2024 və 2025 model ilinə aiddir və hazırda zəmanət müddəti çərçivəsindədir.
Mütəxəssislərin sözlərinə görə, nasazlıq, avtomobilin alışdırma açarı aktiv olduğu halda akkumulyatorun tam boşalması zamanı yaranır. Bu zaman SAS blokunda sistem xətası qeydə alınır və paneldə təhlükəsizlik yastığı işıq indikatoru yanır. Akkumulyator sonradan doldurulsa da, sistem xətası aradan qalxmır və qəza halında hava yastıqları işə düşmür.
Əgər akkumulyator alışdırma açarı sönülü halda boşalırsa, bu nasazlıq müşahidə olunmur.
Mazda bu problemi SAS blokunun proqram təminatının yenilənməsi yolu ilə aradan qaldırmağa çalışacaq. Əgər proqram təminatının yenilənməsi nəticə verməzsə, sensor bloku tamamilə yenisi ilə əvəz olunacaq.
Bu hadisə avtomobil istehsalçıları üçün təhlükəsizlik texnologiyalarının nə dərəcədə önəmli olduğunu bir daha gündəmə gətirib.