AVTO

29 May

“Moskviç 8” modelinin satışa çıxarılması yay aylarına qədər təxirə salındı

Finss.az - Avtomobil bazarında gözləntilər uzanır: “Moskviç 8” hələ satışa çıxmayıb

Yeni “Moskviç 8” modelinin rəsmi satış tarixi gözləniləndən gecikəcək. Rusiya mənbələrinin məlumata görə, bu modelin bazara çıxarılması ilkin olaraq 26 may tarixinə planlaşdırılsa da, satışların başlanması iyul ayına qədər təxirə salınıb.

Dilerlər bildirir ki, hələlik “Moskviç” şirkəti nə satışların başlanması, nə də seriyalı istehsal barədə rəsmi açıqlama verməyib. Bu isə alıcılar arasında maraqla yanaşı, müəyyən qeyri-müəyyənlik də yaradır.

Qeyd edək ki, “Moskviç 8” — əslində Çin istehsalı olan və JAC X8 Plus modelinin adaptasiya olunmuş versiyasıdır. Yeni model “Biznes”, “Texno” və “Premium” komplektasiyalarında təqdim olunacaq. Avtomobilin standart təchizatına 19 düymlük disklər, LED işıqlar, iki 12,3 düymlük sensor ekran, kruiz-kontrol, parklanma sensorları və arxa görüntü kamerası daxildir. Təhlükəsizlik baxımından isə avtomobil altı hava yastığı ilə təchiz edilib.

Ən bahalı versiyada isə panoramik dam, 12 dinamikli audiosistem, adaptiv kruiz-kontrol və qabaqcıl təhlükəsizlik sistemləri (fövqəladə əyləc, zolaq nəzarəti və toqquşma xəbərdarlığı) mövcud olacaq.

Texniki baxımdan “Moskviç 8” 174 at gücünə malik 1.5 litrlik turbo mühərrik və 7 pilləli robotlaşdırılmış ötürmə qutusu ilə təchiz olunub. Avtomobil yalnız ön ötürücülüdür və orta yanacaq sərfiyyatı 100 km-ə 8.3 litr təşkil edir. İlkin mərhələdə yalnız ağ və qara rəng seçimlərinin təqdim olunacağı gözlənilir.

Hazırda “Moskviç” brendinin model sırasına “Moskviç 3”, elektrikli “3e” və “Moskviç 6” daxildir. 2025-ci ilin ilk rübündə şirkət 3.4 min avtomobil sataraq sabit artım nümayiş etdirib. Satışların əsas həcmini isə “Moskviç 3” modeli təşkil edib.

Yeni modelin yay aylarında satışa çıxarılması ilə şirkətin satış dinamikasında artım gözlənilir. “Moskviç 8” modelinin Azərbaycan bazarına çıxarılması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.