AVTO

22 May

Son 30 gündə dünyada nə qədər yeni avtomobil satılıb?

Finss.az - 2025-ci ilin aprel ayında qlobal avtomobil bazarının həcmi 7,3 milyon avtomobili ötüb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni ayında bu göstərici altı faiz az idi. 2025-ci ilin ilk dörd ayında dünyada 29,4 milyondan çox avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 5,9 faiz çoxdur.

Aprel ayında, yəni 30 gün ərzində qlobal avtomobil satışları 7 324 712 ədəd təşkil edib, yanvar-aprel aylarında isə bu rəqəm 29 243 912 ədəd olub. Nəşr olunan hesabata əsasən, aprel ayında satış həcminə görə birinci yerdə 2 055 153 avtomobil satışı ilə Çin qərarlaşıb — bu, ötən illə müqayisədə 12 faiz artım deməkdir. ABŞ-da isə həmin ayda 1 473 995 avtomobil satılıb ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 11,3 faiz çoxdur.

Qərbi Avropa ölkələrinin avtomobil bazarlarında isə aprel ayında 2,2 faiz azalma qeydə alınıb — burada 1 085 892 avtomobil satılıb. Şərqi Avropada isə satışlar bir qədər, yəni 1,3 faiz azalıb və burada 367 605 avtomobil satılıb.

Digər ölkələrin göstəriciləri də qeyd olunub. Belə ki, Cənubi Amerikada 30 gün ərzində 248 039 avtomobil satılıb — bu, ötən illə müqayisədə 3,6 faiz artım deməkdir. Ən iri avtomobil bazarlarına həmçinin Yaponiya (339 790 avtomobil; +10,5 faiz), Cənubi Koreya (148 332 ədəd; +6,9 faiz) və Kanada (178 787 ədəd; +7,8 faiz) daxildir.